Milli Olimpiya Komitəsində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılması  mərasimi keçirilib. 

Unikal.org-un məlumatına görə, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimovla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıblar. Onlar daha sonra "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adlarını təqdim ediblər.

Tədbirdə 8 nəfərə respublika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib. Mükafatçılar sırasında "Sabah" futbol klubunun baş məşqçisi, yeniyetmələr arasında Avropa çempionu Arif Əsədov da var. Ona əməkdar məşqçi fəxri adı verilib.

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar təqdim edilib.