Bir çox ölkələrədə kifayət qədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, "Kurtlar Vadisi"ndən "Ömər Baba" obrazı ilə yaddaşlarda iz salan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan «Uçqun», «Gözəlçələr», «Ziyarətçi», "Matryoşka tamaşalarının müəllifi kimi adı çoxlarına tanış gələn, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.
Unikal.org xəbər verir ki, qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.
Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan "Nuri-didə Ceyhun (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.
Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncer Cucenoğlu "Ümidvaram ki, yaxın gələcəkdə mənim də əsərlərim bu teatrın möhtəşəm səhnəsində tamaşaya qoyulacaq , -deyə arzusunu dilə gətirib.