Sosial şəbəkələrdə Bakı-Yevlax-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissədə DYP əməkdaşlarının qanunsuz xidmət aparması ilə bağlı görüntülər yayılıb.
Unikal.org xəbər verir ki, sözügedən kadrlarda 99-YP-884 dövlət nömrə nişanlı DYP avtomobili ilə xidmət aparan polis əməkdaşlarının fotoları və videosu əks olunub.
Sözügedən məsələ ilə bağlı ekspert Ərşad Hüseynov unikal.org-a açıqlama verib.
Bildirib ki, yol patrul xidməti haqqında təlimatda dayanma durmanın qadağan olduğu yerdə xidmət aparmaq olmaz:
"Dayanmanın qadağan olunduğu hissədə DYP avtomobilinin sayrışan işıqları və ya qəza işığını yandırmadan durması yolda hərəkət edən avtomobillərin hərəkətinə təhlükə yaradıb. Yol patrul xidməti haqqında təlimatda dayanma durmanın qadağan olduğu yerdə xidmət aparmaq qanunla olmaz. Həmin polislər yol patrul xidməti haqqında qnunu pozdqlarına görə, onların bu hərəkəti iltizam qaydasında araşdırılmalıdır. Araşdırmaların nəticələri olandan sonra onlara töhmət, şiddətli töhmət və ya xidmətlərin xaric ola bilərlər".
Unikal.org məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, polis əməkdaşları həmin yolun ehtiyat hissəsində dayanıb xidmət aparır:
"DYP avtomobili dayanıb maşın saxlamır. Əksinə magistral yolda dayanıb o şəkili çəkən şəxs qaydaları pozur. Sürücülərin sürət rejiminə əməl etməsi üçün həmin nəqliyyat vasitəsi oradadır. Nişanın təsir dairəsində də yaşayış məntəqəsindən keçən, sürət məhdudiyyəti olan ərazidə sürət həddini aşan nəqliyyat vasitələrini o avtomobil qeydə alır. Həmin DYP avtomobili heç bir nəqliyyat vasitəsinə maneçilik yaratmır".