12 ərzində milyonlarla vəsait xərcləyən Avropa Azərbaycan Cəmiyyətinin dövlət başçısına və dövlətçiliyimizə dil uzadanlara qarşı susqunluğunun pərdəarxası...

Avropada mühacir həyatı yaşayan bir qrup şəxsin qarayaxma kampaniyası hələ də davam edir.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev, onun ailəsinə, həmçinin, ayrı-ayrı rəsmi şəxslərə qarşı aparılan bu kampaniya Azərbaycan cəmiyyətində ciddi təpki ilə qarşılanır. Bu proses dövlət maraqlarına qarşı çıxan kampaniyaya cavab verməli olan qurumlar və şəxlərlə bağlı bir sıra nüansları və boşluqları da üzə çıxardı.



Məlum oldu ki, bu günə kimi ciddi işlər görməsi ilə bağlı Azərbaycan cəmiyyətində haqqında işgüzar obraz yaradılan qurumlar əslində heç nəyə qadir deyil. Həmin təşkilatlardan biri də Avropa Azərbaycan Cəmiyyətidir. 2006-cı ildə Böyük Britaniyada, London-Azərbaycan Cəmiyyətinın əsasında yaradılan Avropa Azərbaycan Cəmiyyətinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov rəhbərlik edir. Uzun illər Azərbaycan cəmiyyətində belə bir rəy yaradılıb ki, Avropa Azərbaycan Cəmiyyəti Avropada dövlətimizin müsbət imicinin güclənməsi, anti-azərbaycan dairələrin apardığı əks-təbliğatın əsl mahiyyətinin ifşa edilməsində önəmli işlər görüb və bu sahədə ciddi dayaqlara malikdir. Lakin indi məlum olur ki, Avropa Azərbaycan Cəmiyyəti Avropada nəinki ciddi dayaqlara malik deyil, "köhnə qitəyə mühacirət edən soydaşlarımıza da hər hansısa təsir etmək imkanları bir yana, onların arasında gedən prosesdən xəbər tutmaq imkanı olmayan bir qurumdur. Belə görünür ki, bu qurumun indiyə qədər fəaliyyəti əsasən çox kiçik dairələri əhatə edən və əsasən 50-60 nəfərin iştirak etdiyi sərgilər və ya Qərbin nüfuzlu nəşrlərinə ünvanlanan, amma bu qəzet və dərgilərdə nəşr olunmayan müraciətlər təşkil etmək, bütün bunları isə faydalı iş kimi Azərbaycan cəmiyyətinə və dövlətinə sırımaqdan ibarət olub.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri olan Tale Heydərovun 33 yaşı var. Bu gün "söyüş layihəsi həyata keçirən şəxslər də elə əsasən Tale Heydərovun həmyaşıdlılarıdır. Belə görünür ki, Avropa Azərbaycan Cəmiyyəti Avropaya mühacirət edən soydaşlarının problemlərindən, onların qayğılarından və yaşadıqları ölkələrdə hansı işlərlə məşğul olmalarından tamamilə xəbərsizdir. Əgər belə olmasaydı rəsmi şəxslərə qarşı həyata keçirilən "qarayaxama kampaniyası" belə geniş miqyas ala bilməzdi.

Aydın görünür ki, Avropa Azərbaycan Cəmiyyətinin uzun illər ərzində fəaliyyət göstərməsinə sərf edilən böyük maliyyə vəsaitləri faktiki olaraq havaya sovrulub. Eyni zamanda, Azərbaycan dövləti, iqtidarı Avropada dövlətimizin müsbət imicinin güclənməsi, anti-azərbaycan dairələrin apardığı əks-təbliğatın əsl mahiyyətinin ifşa edilməsində önəmli işlər görən bir təşkilatın mövcudluğuna inandırılıb. Axı necə də inanmasınlar? Avropa Azərbaycan Cəmiyyəti Avropada dövlətimizin müsbət imicinin güclənməsi, antiazərbaycan dairələrin apardığı əks-təbliğatın əsl mahiyyətinin ifşa edilməsində önəmli işlər görməsi və bu sahədə ciddi dayaqlara malik olması ilə bağlı cəmiyytin sədri Tale Heydərov dəfələrlə açıqlamalar verib, bununla bağlı nəzarətindəki mediada uğurlu təbliğat kompaniyası qurub. Ancaq indi məlum olur ki, bütün bunlar "sabun köpüyündən başqa bir şey deyilmiş.



Qeyd etmək istərdik ki, "qarayaxma kampaniyası"nın əksər iştirakçıları Azərbaycanda yaşayanda siyasi proseslərdə iştirakları ilə nəzər çəkməyiblər. Məsələn, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Rəfael Piriyev, Tural Sadıqlı və digərləri Azərbaycanda siyasi fəallıqları ilə tanınmayıb. Bu gün Azərbaycandan Avropaya mühacirət edən insanların bu addımlarının əsasında sosial-iqtisadi faktor, yəni, daha firavan həyat və yüksək əmək haqqına malik olmaq istəyi durur. Bu insanların böyük əksəriyyəti öz ölkəsində qabiliyyətini hansısa icra başçısının, polis rəisinin və gömrük orqanının zamanın tələblərinə cavab verməyən xidmətinin nəticəsində reallaşdıra bilməyən, buna görə mühacirət edən insanlardır. Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyəti belə gənclərlə maraqlanmaq, onların geri, vətənə dönüşünü təmin etmək üçün onları mühacirət etməyə vadar edən problemin həllinə yardım etmək əvəzinə, çox kiçik dairələri əhatə edən sərgilər təşkil edib, dərc olunmayan müraciətləri böyük işlər kimi Azərbaycan cəmiyyətinə və dövlətinə sırıyaraq faktiki olaraq bu sahə ilə bağlı arxayınçılığın yaranmasına səbəb olub. İndi isə məlum olur ki, Tale Heydərovun rəhbərlik etdiyi Cəmiyyət Avropadakı mühacir soydaşlarımız üzərində heç bir təsirə malik olmadığı kimi, Prezident İlham Əliyevə, onun ailəsinə, həmçinin ayrı-ayrı rəsmi şəxslərə qarşı aparılan "qarayaxma kampaniyası"nın qarşısının alınması, zəiflədilməsi ilə bağlı imkanlara da malik deyil. O zaman haqlı olaraq ortaya sual çıxır ki, Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyət göstərməsi üçün 12 il ərzində sərf edilmiş böyük maliyyə vəsaitləri hara gedib və buna görə kim cavab verməlidir?

Hər pis işin xeyirli tərəfi də var. Azərbaycan cəmiyyətində ciddi tənqid və təpki ilə qarşılanan anti-azərbaycan kampaniyası bir sıra boşluqların da üzə çıxmasına, güvənilən qurumların heç də iddia edildiyi kimi güclü olmadıqları bəlli oldu. İndi əsas vəzifələrdən biri bu günə kimi Azərbaycan cəmiyyəti və dövlətində əsassız təbliğatla özü haqqında yanlış təsəvvürlər yaratmağa nail olmuş Avropa Azərbaycan Cəmiyyəti kimi qurumların məsuliyyət məsələsini müzakirə etməklə yanaşı, onların görməli olduqları, ancaq görmədikləri işləri görmək üçün yeni təsisatlar yaratmaqdan ibarət olmalıdır.

Elvin Rüstəmov