11 aprel 2018-ci il tarixə təyin olunan Azərbaycan Respublikasının Prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilib.

YAP Ağdaş rayon təşkilatından Unikal.org-a verilən xəbərə görə, görüş bu dəfə rayonun Qaradağlı, Aşağı Zeynəddin, Mürsəl və Şıxlı kəndlərindən olan seçicilərlə baş tutub.

Görüşləri Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq son 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan və əldə olunan uğurlardan bəhs edib. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyevin siyasi kursunun dayandığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Seçicilərin yüksək əhval-ruhiyyə və könül xoşluğu ilə iştirak etdiyi görüşdə seçicilər adından çıxış edənlər Həmidə Əliyeva, Mehman Abdullayev, Sevil Nəbiyeva və Elmira Rəhimova bəyan etdilər ki, onların tək bir seçimi var, o da Yeni Azərbaycan Partiyasının namizədi möhtərəm prezidentimiz İlham Əliyevdir. Bu seçimi təsdiqləmək üçün isə aprelin 11-ni səbirsizliklə gözləyirlər.

Görüşlərdə təbliğat qrupunun üzvlərindən Fuad Nəbiyev və Ramin Lətifov çıxış edərək 11 apreldə seçki məntəqələrinə gəlməyin və yekdilliklə birlik nümayiş etdirməyin vacibliyini qeyd ediblər.