"Azərbaycanda keçirilən Prezident seçkilərində 4 milyonadək seçici, yəni seçicilərin 74 faizdən çoxu iştirak edib".
Unikal.org-un məlumatına görə, bunu Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi, hakim partiyanın sədr müavini - icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.
Ə.Əhmədov bildirib ki, exit-polun nəticələrinə görə İlham Əliyev 80 faiz səs toplayıb: "Bu da o deməkdir ki, İlham Əliyev qələbə qazanacaq".
O qeyd edib ki, Azərbaycan xalqı yenə düzgün seçib edib: "İlham Əliyevin prezidentliyi dövründə ölkə ciddi inkişaf edib və qüdrəti artıb".
Ə.Əhmədov bildirib ki, İlham Əliyev ölkə üçün çox böyük xidmətlər göstərib: "İlham Əliyevə səs verənlər Azərbaycandakı sabitliyə səs vermiş olurlar. Növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq. Azərbaycan iqtisadiyyatı gücləndiriləcək və şaxələnəcək. Daha geniş dövlət proqramları işlənib hazırlanacaq. Dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək".