Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un məlumatına görə, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlət başçısını səmimi qəlbdən təbrik edib və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirib.

Təmsil etdiyi təşkilatın önəminə toxunan Rəşid Əlimov bildirib ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd edib ki, təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirən Rəşid Əlimov bu əlaqələri alqışladıqlarını qeyd edib.

Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirib. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını deyib. Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirib. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini deyib. O, digər seçki missiyaları nümayəndələrinin də hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğulayıb. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirib ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilib: "Sizə və dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rifahı naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız söhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürlər.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğulayıb, ölkəmizlə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə əsaslandığını, ümumi tarixə və maraqlara söykəndiyini deyib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğulayıb. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirməsinin önəmini qeyd edib və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini deyib. Prezident İlham Əliyev qeyd edib ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlət başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü deyib. Dövlət başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirib və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılıb. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bütün bunlar Azərbaycanın müstəqil dövləti kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.

11:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un  xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.