Şəkərli diabet orqanizmdə maddələr mübadiləsinin (xüsusilə karbohidrat) pozulması ilə gedən xəstəlikdir.
İlk öncə xəstəliyin necə yaranmasını izah etməzdən əvvəl insulin hormonunun orqanizmdə rolundan danışmaq istəyirəm. İnsulin qida ilə aldığımız şəkərin hüceyrələrimizə keçirən nəqliyyat vasitəsidir. Əgər insulin az ifraz olunarsa və ya işləmə mexanizmi pozularsa, onda qida ilə qana daxil olan şəkər hüceyrə daxilinə keçə bilmir və qanda şəkərin səviyyəsi yüksək qalır.
Beləliklə, şəkərli diabetin yaranması 2 əsas mexanizmə əsaslanır. Birinci mexanizm zamanı mədəaltı vəzidən insulin hormonunun ifraz olunmasında problem yaranmış olur və qana lazımi qədər insulin daxil ola bilmir. İkinci mexanizm zamanı isə, mədəaltı vəzi yetərincə insulin ifraz etməsinə baxmayaraq, insulin hüceyrələrimizin səthində yerləşən xüsusi ötürücülərlə birləşməsində problem yarandığından mədəaltı vəzi tərəfindən qana kifayət qədər insulin və qida ilə bol miqdar şəkər daxil olmasına baxmayaraq, hüceyrə daxilinə şəkər keçə bilmir və hüceyrələr ac qalmış olurlar.
Şəkərli diabetin yayılması
Unikal.org hekimtap.az-a istinadən bildirir ki, statistikaya görə 2000-ci ildə dünyada şəkərli diabetdən əziyyət çəkən insanların sayı 140 mln olub. 2025-ci ilin proqnozuna görə isə bu rəqəmin 300 mln-a çatacağı gözlənilir. Hər il şəkərli diabetin ağırlaşmasından 3 mln insan dünyasını dəyişir.
Şəkərli diabetin səbəbləri
Bəs artıq bu qədər vusət alımş bir xəstəliyin yaranma səbəbləri nədir? Yaranma səbəbləri çoxdur. Risk faktorlarına stres, qeyri-düzgün qidalanma rejimi, şəkərlə zəngin olan qidaların həddindən artıq çox istifadə edilməsi, piylənmə, yaşlı dövr, oturaq həyat tərzi və az hərəkətlilik, ailədə şəkərli diabetli xəstələrin olmasını misal göstərə bilərik.
Şəkərli diabetin növləri
Şəkərli diabetin daha çox yayılmış bir neçə növü var:
- Tip 1 diabet ( bütün diabetli xəstələrin 5-10%-ni təşkil edir.)
- Tip 2 diabet
- Hestasion diabet ( hamiləlik dövrü zamanı rast gəlinir)
- Bəzi nadir genetik formalar
Şəkərli diabetin diaqnostikası
Qanda şəkərin müayinəsi ilə diaqnoz qoyulur. Günün hər hansı bir vaxtı qan şəkərinin 200-dən yüksək olması diaqnozu təsdiqləyir.
8 saatlıq aclıq sonrası qan verilir. Aclıq qan şəkərinin 100 mg%-dən aşağı olması şəkərli diabet diaqnozunu inkar edir. Əgər rəqəm 100-126 mg% arasındadırsa, gizli şəkər diaqnozu qoymaq üçün daha geniş müayinələrə ehtiyac var. Qanda şəkər 126 mg%-dən yüksək olması şəkərli diabet diaqnozunu təsdiqləyir. Lakin bu zaman diaqnozun dəqiqləşdirilməsi üçün diaqnostik müayinələrə ehtiyac duyula bilər.
Şəkərli diabetin simptomları
Xəstəliyin əsas əlamətləri: susuzluq, daima yorğunluq, hissi, ümumi zəiflik, tez-tez, xüsusilə də gecələr sidiyə getmək, çəkinin azalması, bəzi pasientlərdə isə əksinə artması görmədə bulanıqlıq, əl və ayaqlarda uyuşma, qaşınmalar və dəri problemləri ola bilər. Ancaq gündəlik praktikamızda heç bir şikayəti olmadan, digər xəstəliklərə görə müayinə olunan zaman aşkarlanan şəkərli diabetli pasientlərimiz də az deyil.
Şəkərli diabetin müalicəsi
Bəs şəkərli diabetin müalicəsi varmı? Şəkərli diabet xronik bir xəstəlik olduğundan, onun təmamilə müalicəsi mümkün deyil. Hal- hazırda şəkərli diabetin müalicəsi istiqamətində olan metodlarımız aşağıdakılardır:
Pəhriz və düzgün qidalanma rejimi;
Fiziki aktivliyin artırılması, müxtəlif idman növləri ilə məşğul olmaq;
Şəkərsalıcı həblərin istifadə olunması;
İnsulin müalicəsi;
Cərrahi müalicə. Bu metodun uzunmüddətli effektivliyi tam araşdırılmadığından istifadəsi üçün bir çox göstərişlər olması mütləqdir.
Şəkərli diabetin profilaktikası
İlk öncə sağlam qidalanma rejimi, 7-8 saatlıq yuxu rejimi, düzgün fiziki aktivliklərlə məşğul olmağımız lazımdır.
Yanaşı olaraq digər orqan xəstəliklərimiz də mütləq müayinə və müalicə olunmalıdır.