Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Komitənin foyesində yerləşən büstü önünə gül dəstələri qoyublar.

Unikal.org xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu haqqında danışaraq bildirib ki, Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini ölkəmizin və xalqımızın inkişafına sərf edib. Komitə sədri ümummilli lider Heydər Əliyevin hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Qeyd edib ki, bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O deyib ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələlərini əhatə edir. Bildirib ki, Ulu Öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Qeyd edilib ki, Azərbaycan dövləti yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən daim ən yüksək hörmət və ehtiramla yad ediləcək.

Sonra ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.