Türkiyədə nə baş verir?
13:09 24-08-2012
CƏMİYYƏT
Türkiyədə nə baş verir?
“Vəziyyət yaxşı deyil və Türkiyənin şərq vilayətlərini yalnız ordu saxlayır. Hətta Türkiyəni özlərinin vətəni hesab edənlər, separatçı mövqedən uzaq olan kürdlər belə hökumətin siyasətindən narazıdırlar”. Bu sözləri hazırda Türkiyədə olan konfliktoloq Arif Yunus hökumətin kürd probleminə yanaşmasını şərh edərkən deyib.
Arif Yunus hökumətin kürdlərə qarşı münasibətinin heç də yaxşı olmadığını qeyd edib: “Kürdlər açıq deyirlər ki, Türkiyənin onların doğma vətəni olduğunu hiss etmirlər. Antalyada və ya ölkənin qərb zonasında polis insanlarla yaxşı davranırsa, kürd zonasında onlar özlərini çox kobud aparırlar, elə bil düşmənləri ilə üzləşirlər. Halbuki kürdlərin çoxu separatçılardan uzaqdırlar və istəmirlər ki, müharibə olsun. Kürdlərdən biri mənə deyirdi ki, o, təzə ordudan qayıdıb və orduda türklər onu yaman incidirdilər. Digərləri deyirdilər ki, onları İstanbulda, İzmirdə və digər qərb zonasındakı şəhərlərdə işə götürmürlər. Onlar deyirlər ki, axı Türkiyə bizim üçün vətəndir, biz vergiləri veririksə, hakimiyyətə qarşı çıxmırıqsa, niyə milli problemlərimiz var? Onlar bildirirlər ki, bir-iki separatçıya görə, niyə bütün kürd xalqı cavab verməlidir, onlar niyə məktəblərdə ana dilində oxumurlar?”
Konfliktoloq hesab edir ki, Türkiyə hakimiyyəti sözün əsl mənada bu problem ilə məşğul olmur, problemdən yalnız istifadə edir: “Ona görə də real nəticə yoxdur. PKK-nı bütün kürdlər dəstəkləmirlər, çoxları bu münaqişədən yorulublar. Türkiyə hakimiyyəti hələ ki köhnə siyasətindən imtina barədə düşünmür və PKK-ya qarşı kürdlərdən istifadə etmir”.
Politoloq Zərdüşt Əlizadə isə əvvəlki hakimiyyətlərlə müqayisədə AKP dövründə kürd müqavimət hərəkatı genişləndiyinə dair fikirləri qəbul etmir. «Bu, həqiqət deyil. Ondan əvvəlki hökumətlər dövründə 30 minə yaxın insan öldürülmüşdü. Əməlli-başlı geniş miqyaslı müharibə gedirdi. Məhz AKP dövründə PKK öz sosial bazasının xeyli hissəsini itirmişdi. İkincisi, siz tamamilə düz buyurduz ki, AKP dövründə kürd xalqına, kürd hüquqlarına daha çox fikir verildi. Bəli, bu, düzdür. Amma eyni zamanda demokratik dövlətlərdə milli azlıqlara verilən hüquqların heç də hamısı verilmədi. Bu da özü-özlüyündə göstərir ki, AKP-nin siyasəti kifayət qədər ardıcıl və kamil deyil. Buna görə separatçılar öz hərəkətləri üçün daha dar çərçivədə, lakin müəyyən sosial baza tapırlar. Nəhayət, onu da deyim ki, kürd separatizminin tam sönməməsi üçün əsas səbəb xaricdən, xüsusilə Qərbdən gələn maliyyə və digər dəstəkdir. Bu dəstək də olmasa, əlbəttə ki, kürd separatizmi bu dərəcədə azğın olmazdı. Bunu anlamaq üçün sadə bir misal deyim. Əgər Ermənistanın, Rusiyanın, Qərbin dəstəyi olmasa idi, Dağlıq Qarabağda erməni separatçıları böylə həyasız və azğın olardılarmı?! Əlbəttə ki, yox. İstənilən separatizmin dəstək mənbəyi əgər xaricdə yoxdursa, o separatizm öz qoyduğu tələblərin həllini güzəştlər yolu ilə tapmağa çalışır”.
Toğrul
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33