Xızıda 5 ədəd top mərmisi tapılıb.
Bu barədə unikal.org-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, bu gün saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Ağdərə kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 5 ədəd təlim məqsədli 100 mm-lik top mərmisi (4 ədəd BK-3 və 1 ədəd 3BK-16M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 1 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən mayın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 13 ev və həyətyanı sahəyə, 10 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 13 otlaq sahəsinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, Yuxarı Qarabağ kanalına,Qarqar çayına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 3 506 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit â„– 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 79 965 kv.m ərazi yoxlanılıb.