Şamaxı rayonunda mal-qara arasında kütləvi tələfat baş verib. Rayonun Çöl Göylər kənd sakin İsmayılov Əbilcan Nəbi oğlununa məxsus 13 baş iribuynuzlu heyvan naməlum səbəbdən tələf olub.
Unikal.org xəbər verir ki, kənd sakini Əbilcan İsmayılov APA-nın yerli bürosuna bildirib ki, oğlu Arif İsmayılov mal-qaranı bitlərdən təmizləmək üçün baytarlıq aptekindən aldığı dərmandan istifadə edib. Dərman vurulduqdan sonra heyvanların vəziyyəti pisləşib.
Kəndin baytar həkimi hadisə yerinə gələnədək mal-qara tələf olub. Ev sahibi həmişə bitə qarşı dezinfeksiya məqsədilə eyni dərmandan istifadə etdiyini və belə bir hadisə ilə heç vaxt rastlaşmadığını bildirib. Heyvanları xilas etməyə çalışan ev sahibi Balaxanım İsmayılova zəhərlənərək Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mal-qaranın hansı səbəbdən tələf olduğu hələ ki, dəqiq məlum deyil. Araşdırma aparılır.