Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, mayın 26-da saat 11 radələrində 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılan Q.Osmanovaya məxsus "Chevrolet markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb.

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.