Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün haqqında qətlə yetirildiyi barədə rəsmi məlumat yayılan rusiyalı jurnalist Arkadi Babçenko ilə görüşüb.
Unikal.org xəbər verir ki, prezident bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
O, profilinə görüşün videosunu da yerləşdirib. Görüşdə Ukraynanın baş prokuroru Yuri Lutsenko və Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Qritsak da iştirak edib.
"Bu gün milyonlarla insan Arkadi Babçenkonun üçüncü doğum gününü Ukraynanın doğum günü kimi, məharətlə dövlətçilik imtahanından keçmiş millətin doğum günü kimi qeyd edir. Mən insanların necə ağladığını və Arkadinin sağ olduğunu eşidəndə necə sevindiklərini öz gözlərimlə gördüm", - deyə o yazıb.
"Axı jurnalistə Rusiya ərazisindən təşkil olunan hücum Ukraynada stabilliyi pozmaq, hökumətin səmərəsizliyini göstərmək və sözsüz ki, Rusiyanın hamıdan çox qorxduğu insanları öldürməyə yönəlib. Bu ssenarinin ölkəmizdə həyata keçirilməsinin qarşısını aldığımıza görə Arkadi və güc strukturlarına çox sağolun deyirəm", - deyə prezident əlavə edib.