İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti işə başlayıb.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, "Ortaq gələcəyin qurulması mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başlayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Dövlətimizin başçısı məktubda Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyansın nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrildiyini bildirib. Qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlərin zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutmasının məmnunluq doğurduğunu qeyd edib. Azərbaycan Prezidenti bugünkü sammitin müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər Qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf etməsini əlamətdar hal adlandırıb.

Prezident İlham Əliyev məktubunda vurğulayıb ki, Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutub, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilib. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini, mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarını yorulmadan təşviq etdiyini, öz imkanları daxilində qlobal problemlərin həllinə kömək göstərdiyini bildirib.

Dövlətimizin başçısı məktubda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ekspansionist siyasət yürüdən Ermənistanın torpaqlarımızın 20 faizini zəbt etməsini və ölkəmizdə bir milyondan çox insanı məcburi köçkün vəziyyətinə saldığını qeyd edib. Bildirib ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların münaqişənin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə dair qərarlar qəbul etsələr də, təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməyib. Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Alyans üzvləri mövcud reallığı nəzərə alaraq, insan hüquqlarının kobud surətdə və kütləvi şəkildə pozulması ilə müşayiət olunan, regionda təhlükəsizliyə ciddi təhdid yaradan işğal faktına adekvat qiymət verəcəklər.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək Avropanın ən nüfuzlu siyasi qurumlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu deyib. O, burada aparılacaq müzakirələrin Alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcəyinə əminliyini bildirib. "Bu gün biz elə bir dünyada yaşayırıq ki, qlobal dəyişikliklər nəticəsində dünyanın siyasi modeli və geosiyasi xəritədə əsas qüvvələrin nisbəti göz önündə dəyişir. Dünya birliyi beynəlxalq terrorizm, təcavüzkar separatizm, qaçqınlar, məcburi köçkünlər, mütəşəkkil cinayətkarlar, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi problemləri, yoxsulluq, iqlim dəyişiklikləri, təbii fəlakətlər, epidemiyalar kimi təhlükələri aradan qaldırmağın səmərəli yollarını tapmaq zərurəti ilə üz-üzə qalıb. Hər kəsə aydındır ki, müasir dövrün çağırışlarının həlli beynəlxalq münasibətlərin bütün iştirakçıları arasında hüquq bərabərliyinə əsaslanan davamlı dialoqdan çox asılıdır. Bununla əlaqədar mən parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm, - deyə Ziyafət Əsgərov əlavə edib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, hökumətlərin xarici siyasət qərarlarına təsir göstərmək üçün spesifik siyasi mexanizm və alətlərə malik olan parlament demokratiyası dövlətlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Müstəqil institut olan parlament diplomatiyası klassik diplomatiyanın bütün komponentləri ilə üzvi surətdə bağlıdır. Araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi meyli universal xarakter daşıyır. Bu meyil dünyanın demək olar bütün dövlətlərini və onların yaratdıqları parlamentlərarası qurumları əhatə edir. Öz xalqlarında mandat alan müxtəlif siyasi qüvvələri və cərəyanları təmsil edən parlament üzvlərinin beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan parlamenti dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün bütün imkanlardan istifadə edir. Milli Məclisin deputatları beynəlxalq təşkilatlarda digər məsələlərlə yanaşı, ölkəmiz barədə həqiqətləri də həmkarlarına çatdırırlar. Biz inanırıq ki, qarşılıqlı hörmətə və etimada əsaslanan siyasi dialoq və əməkdaşlıq dünya birliyinin qarşılaşdığı problemlərin, o cümlədən dövlətimizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilər. Ermənistanın silahlı təcavüzü nəticəsində 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Milli Məclis sədrinin birinci müavini münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, BMT Baş Məclisinin qərarının, Avropa Şurası Parlament Assambleyasının qətnaməsinin, habelə Avropa Parlamentinin və digər beynəlxalq qurumların sənədlərinin yerinə yetirilməsinin zəruriliyini qeyd edib. Bu münaqişənin, eləcə də digər oxşar münaqişə və problemlərin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınması Avropada və dünyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsinə xidmət etmiş olar.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Alyansın sammitinin Bakıda keçirilməsini mühüm hadisə adlandırıb. O, bu günlərdən ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini bildirib.

Qüdrət Həsənquliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən, söhbət açıb. Vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən ciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması, azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması Ermənistanın "böyük Ermənistan yaratmaq siyasətinin tərkib hissəsidir. "Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq. Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Əgər münaqişə həllini taparsa, ölkəmizdə hərbi sahəyə qoyulan vəsait digər sahələrə yönəldilə bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların sənədlərinə əməl etmək lazımdır, - deyə o əlavə edib.

Qüdrət Həsənquliyev, həmçinin bu gün dünyada bir sıra terror qruplaşmalarının İslam dini adından törətdikləri cinayətlərdən danışıb, iştirakçıları bu proseslərə, o cümlədən Cənubi Qafqazda baş verən münaqişələrə səssiz qalmamağa, hüquq və ədaləti dəstəkləməyə çağırıb.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Avropa ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib. Yan Zahradil Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu günlərə təsadüf etməsinin, ilk parlamentli respublikanın məhz Azərbaycanda yaradılmasının sevindirici hal olduğunu deyib.

"Təəssüf ki, Azərbaycan müxtəlif oyunların qurbanına, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının birtərəfli və qərəzli qərarlarının predmetinə çevrilib. Buna son qoyulmalıdır. Azərbaycan çox vacib və nadir ölkədir. Bunun bir neçə səbəbi var. Azərbaycan sabit, proqnozlaşdırıla bilən və etibarlı ölkədir. Bu, əməkdaşlıq üçün mühüm amildir. Bu xüsusiyyətlər əsasında biz birgə gələcəyimizi qurmalıyıq. Əminliklə deyə bilərəm ki, bütün bunlara görə Azərbaycan dünyada öz layiqli yerini tutmalıdır, - deyə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti bildirib.

Sonra birgə foto çəkdirilib.

Sammit panel iclaslarla işini davam etdirir.