"BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 854 (1993) və 884 (1993) saylı qətnamələri yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib".
Unikal.org xəbər verir ki, bunu açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri hikmət Hacıyev Rusiyanın xarici işlər naziri Serqey Lavrov və BMT baş katibi Antonio Quterreşin keçirdiyi mətbuat konfransında BMT TŞ-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələr haqqında dediklərinə münasibət bildirərkən deyib.
H. Hacıyev bildirib ki, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan "TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün "təxirəsalınmaz tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli adlı sənəd alqışlanır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
"BMT Təhlükəsizlik Şurasının mandatı əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinə BMT TŞ-nın qətnamələrinin icrası həvalə edilib. Qəbul edilmiş 884 saylı qətnamənin sonuncu bəndində deyilir ki, BMT Baş katibi Minsk Qrupu ilə məsləhətləşərək vəziyyət haqqında Təhlükəsizlik Şurasına məruzə etsin.
ATƏT Minsk Qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il Budapeşt sənədinə görə beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri onların mandatının əsasını təşkil edir", - deyə XİN sözçüsü bildirib.
H. Hacıyevin sözlərinə görə, BMT baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: "BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır.
"BMT TŞ-nın qətnamələrinin mətnindən göründüyü kimi, icra olunmayana qədər onların vaxt məhdudiyyəti yoxdur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tamamilə aydın yanaşma nümayiş etdirir. Qətnamələr münaqişənin həllinin siyasi-hüquqi, o cümlədən beynəlxalq humanitar hüquqi əsaslarını formalaşdırır.
BMT TŞ-nın qətnamələrini və həmsədr ölkələrin eləcə də BMT TŞ-nın daimi üzvləri olduğunu əsas tutaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən bu qətnamələrin tələblərinin yerinə yetirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edirik", - deyə H. Hacıyev vurğulayıb.
Qeyd edək ki bu gün BMT baş katibi Antonio Quttereş Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qətnamələrinin uzun illər yerinə yetirilməməsi və BMT-də aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyi ilə bağlı suala cavabında deyib ki, islahatlar katibliklə bağlı olacaq və bunun BMT orqanlarının işi ilə əlaqəsi yoxdur.
Eyni zamanda Sergey Lavrov BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu və bu qətnamələrin qanlı hadisələri dayandırmağa, onu siyasi dialoq məcrasına daşımağa imkan verdiyini bildirib.
O qeyd edib ki, daha sonra Minsk qrupu yaradılıb və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə siyasi nizamlama kimi qalan məsələlərin həllinə dair razılığa gəlinib.