Bakı Metropolitenində enerji təchizatında yaranmış problem nəticəsində stansiyalarda və tuneldə qalanların evakuasiya prosesi başa çatdırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, evakuasiya prosesini Bakı Metropolitenin, Daxili İşlər Nazirliyinin, həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həyata keçiblər.
Məlumatda o da qeyd olunub ki, artıq Bakı Metropoliteninin əksər stansiyaları elektrik enerjisi ilə təchiz olunub. Hazırda ərazidə qatarlara və xətlərə yenidən baxış keçirilir.
Qeyd edək ki, hazırda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mingəçevir İES-dədir.
xxx
Ölkə ərazisində elektrik enerjisinin verilişində yenidən fasilənin yaranması səbəbindən Bakı metrosunda qatarların hərəkəti dayanıb.
Unikal.org-un verdiyi məlumata görə, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyyə olunur. Metronun giriş-çıxışları bağlanıb.
Məlumatı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da Unikal.org-a təsdiqləyib.