Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları "Ovçuluq haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirirlər.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, növbəti reyd zamanı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində qanunsuz ova cəhd edən Masallı rayon sakini Şahmar Kərimov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib. Qanun pozucusuna 1000 manat məbləğində cərimə tətbiq olunub.
Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan Biləsuvar rayon sakini Vüqar Qiyasov saxlanılıb. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub. O, 700 manat məbləğində cərimə edilib.