Bu gün Bakı Biznes Mərkəzində «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev giriş sözü ilə çıxış edib.
S.Möhbalıyev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bizim bugünkü görüşümüz əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunur.
Bu il Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi günü (28 aprel) və Ümumdünya Uşaq Əməyi ilə Mübarizə günü (12 iyun) çərçivəsində «Yeni nəslin təhlükəsizliyi və sağlamlığı» şuarı ilə birgə illik kampaniya keçirmək qərara alınıb.
Bu mövzu gənclərin təhsildən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə keçidinin təhlükəsiz və gənclərin sağlamlığı üçün ziyansız ötüşməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Birgə kampaniya BMT-nin 25 sentyabr 2015-ci ildə keçirilən sammitində qəbul edilmiş dayanıqlı inkişaf üzrə 17 qlobal məqsədin əldə edilməsi üçün fəaliyyətin sürətləndirilməsinə yönəldilib
BƏT-in məlumatına görə işdə alınan xəsarətlərlə və peşə xəstəlikləri ilə əlaqədar hər gün dünya üzrə 7600-dən çox insan həyatını itirir ki, bu da bir ildə 2 milyon 780 min nəfər təşkil edir.
Uşaqlar arasında istehsalat xəsarətinin səviyyəsi 25 yaşdan yuxarı olanlarla müqayisədə 40 faizdən çoxdur.
BƏT-in 104-cü sessiyasında təşkilatın Baş direktoru Qay Rayder qlobal müzakirələrin «Əmək sferasının gələcəyi» şüarı ilə keçirilməsi təklifini irəli sürmüşdür və eyniadlı konsepsiyadan irəli gələn təşəbbüslər respublikamızda diqqət mərkəzindədir.
S.Möhbalıyev bildirib ki, Həmkarlar ittifaqları üçün işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinin əsas aləti Baş Kollektiv Saziş, kollektiv-tarif sazişlər və kollektiv müqavilələr olub.
AHİK-in əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində fəaliyyəti nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabineti 14 dekabr 2017-ci il tarixində Â«İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısı»nın təsdiq edilməsi təmin edilmişdir.
Azərbaycan həmkarlar ittifaqları gənclərin məşğulluğunun, təhsilinin, peşə hazırlığının təmin edilməsi, onlar üçün təhlükəsiz və layiqli iş yerləri yaradılması üçün mühüm işlər görür.
Gənclər siyasəti yönümündə AHİK-in İcraiyyə Komitəsi «Gənc həmkarlar ittifaqı liderləri məktəbi haqqında - gənc işçilər üçün kompleks proqram» adlı qərar qəbul edib.
Proqram gənc işçilərin peşəkar kadrlar səviyyəsində inkişaf etdirilməsində həmkarlar ittifaqlarının iştirakının əsas istiqamətlərini müəyyən edir.
Araşdırma aparılarkən gənc işçilərin xəsarət alma hallarına xüsusi diqqət yetirilmişdir. Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində biz 15-30 yaş arası 2, son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirmişik ki, bu da xəsarət nəticəsində həlak olan 186 nəfərin 11,3 faizini təşkil edir.
Son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)» adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılmış, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
2017-ci ildə «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmış və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunmuşdur.
2017-ci ildə 21763 işçini, o cümlədən 4305 qadın işçini əhatə edən 48 müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil etmişlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların əməyin texniki müfəttişləri tərəfindən 2017-ci ildə müsabiqəyə qoşulmuş təşkilatlarda 922 yoxlama-nəzarət işləri həyata keçirilmişdir. İdarə və müəssisələrin rəhbərliyi ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınmış və onlar aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434 göstəriş və tələblərin 94 faizdən çoxu yerinə yetirilmişdir. Bununla da 48 müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılmış, qalan müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41 faiz azalmışdır. 3715 nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılmışdır. İşəgötürənlərin bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlər əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırıblar.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi nazirnin müavini İdris İsayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev də çıxış etmişlər.
Sonda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı) respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub.