Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un Trend-ə istinadən məlumatına görə, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.

Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7 mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.

Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.

Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.

Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib. (10:59)

*** 

"OBA marketlər şəbəkəsi dünən filialların birində baş verən bıçaqlanma barədə açıqlama yayıb. Unikal.org-a verilən məlumatda qeyd olunur ki, avqustun 1-də Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza administratoru 4 bıçaq zərbəsi alıb: "Zərərçəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücüm çəkib və onu bıçaqlayıb.