Rotavirus infeksiyası - qastroenteritin kəskin formalarından biri olub, rotaviruslar tərəfindən törədilir.
Unikal.org bildirir ki, daha çox altı ayından iki-üç yaşına qədər körpələrin yoluxduğu bu bağırsaq infeksiyası əhalinin bütün yaş qruplarında xəstəlik törədə bilir. İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus infeksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.
Rotaviruslar latıncadan tərcümədə rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır. Elə bu səbəbdən də bəzən "bağırsaq qripi" adlandırılan infeksiya, xüsusilə payızın axırları və qışın əvvəllərində geniş yayılaraq xəstəlik törədir. Adətən sporadik xarakter daşısa da, bir sıra hallarda epidemiyalara da səbəb olur.
Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir.
Rotaviruslar əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava-damcı yoluyla da yayıla bilir. Həmin virusun törətdiyi infeksiyaya bəzən "çirkli əllər xəstəliyi" deyilir.
Əlamətləri
Xəstəliyin inkubasion dövrü 1 gündən 5 günə qədər davam edir. Qarında kəskin tutmaşəkilli ağrılar, ürəkbulanma, gün ərzində 3-4 dəfə qusma, iştahanın itməsi, sulu ishal, susuzlaşma əlamətləri, qıcolma və huşun itməsi kimi hallarla özünü büruzə verir.
Rotaviruslar əsasən mədə və nazik bağırsaqların selikli qişasını zədələyərək qastroenteritə səbəb olur. Həzm sistemində selikli qişaların zədələnməsi nəticəsində qidaların həzmi pozulur, ishal baş verir. Xəstəliyin əsas xarakterik əlaməti olan ishal susuzlaşmaya səbəb olduğundan uşaq orqanizmi üçün olduqca təhlükəlidir. Xüsusilə 6 aylığından 2 yaşınadək olan bir sıra uşaqlarda susuzlaşma daha ağır nəticələr verə bilir.
Orqanizmin susuzlaşmasını ağızda quruluq, quru dil, dəri örtüyünün quru, soyuq və solğun olması, göz yaşısız ağlama, 5 saat ərzində sidik ifrazının olmaması, tər ifrazının olmaması, gözlərin çuxura düşməsi, nəbzin sürətlənməsi və halsızlıq əlamətləri ilə müəyyənləşdirmək mümkündür.
Profilaktika
Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.
Xalq təbabəti reseptləri:
- Hərəsindən 1 çay qaşığı paslı qarağac və darçın tozu qarışdırılır, hər dəfə yeməkdən əvvəl qarışıqdan 1/4 çay qaşığı bol su ilə qəbul edilir.
- 1 litr suya qaynanmış suya 1 çay qaşığı xörək duzu və 5 çay qaşığı şəkər tozu əlavə edilərək qarışdırılır, hər nəcis ifrazından sonra uşağa 1 xörək qaşığı içizdirilir.
- 1 xörək qaşığı dazıotu üzərinə 200 ml qaynar su əlavə edilir, 30 dəqiqə dəmlənərək süzülür. Dəmləmənin üzərinə 1 stəkan isti su əlavə edilir. Gündə 3 dəfə yeməkdən yarım saat sonra 1/3 stəkan qəbul edilir. Dəmləmənı soyuducuda saxlamaq lazımdır. 3 yaşından aşağı körpələrə verilməsi məsləhət deyil.
- 50-60 qram quru qaragilə meyvələri (təzə qaragilə meyvələri əksinə bağırsaqlara yumşaldıcı təsir göstərir) üzərinə 1 litr su əlavə edilir, zəif ocaqda 15-20 dəqiqə qaynadılır, üzərinə 100 qram şəkər tozu əlavə edilərək qarışdırılır. Gün ərzində yeməkdən əvvəl və sonra ilıq halda qəbul edilir.
- 40 qram adi palıd qabığı 1 litr suda 20 dəqiqə qaynadılır, süzülür, gündə 5-6 dəfə isti halda qəbul edilir.
- 2 filtr-bağlama Qastren çayı 200 ml suda dəmlənir. Güclü ishal zamanı hər 30 dəqiqədən bir 1-2 xörək qaşığı uşağa içizdirilir. Qastren çayının dəmləməsi ilə təmizləyici imalə bağırsaqların peristaltikasını zəiflədir və ishalın qarşısını alır.
- 100 qram quru kişmiş üzərinə 1 litr su əlavə edilərək 30-60 dəqiqə qaynadılır, soyudulur. Kişmişlər qaşıq vasitəsilə əzilərək süzülür. Süzülmüş dəmləmənin üzərinə 1 çay qaşığı xörək duzu, yarım çay qaşığı çay sodası, 4 çay qaşığı şəkər tozu əlavə edilərək 2-3 dəqiqə qaynadılır, otaq temperaturunda soyudulur. Gün ərzində hər qusmadan və nəcis ifrazından sonra qəbul edilir. ("Herba Flora" jurnalı)