Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski 23-24 may 2016-cı il tarixdə Lənkəran şəhərinə tanışlıq səfərinə gəlib.
Unikal.org-a İcra hakimiyyətindən daxil olan məlumata görə, səfər proqramı çərçivəsində səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı Macarıstan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunmaqla bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Lənkəran rayonunun sosial-iqtisadi inkişafı və mədəni həyatı barədə qonağa ətraflı məlumat verən İcra başçısı rayonda Macarıstanlı iş adamları ilə əməkdaşlığın qurulmasının faydalı olacağını vurğulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanla Macarıstan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində qarşılıqlı səfərlərin çox əhəmiyyətli olduğunu önə çəkərək Lənkəranın Macarıstanın istənilən şəhəri ilə qardaşlaşma əlaqələrinin qurulmasını təklif edib.
Səfər zamanı səfir Lənkəran Dövlət Universitetində olmuş, şəhər Gənclər Mərkəzində bir qrup iş adamı ilə görüşmüşdür.

Macarıstan səfiri Lənkəranda