Taksoqrafla təmin olunmayan nəqliyyat vasitələrinin sahiblərini cərimə gözləyir.

Unikal.org xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil sahiblərinə xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, taksoqrafla təchiz edilmədən beynəlxalq və ölkədaxili daşımaları həyata keçirən şirkətlər məsuliyyət daşıyacaqlar. Məsuliyyət tədbirləri nəqliyyat vasitələrinin sahibləri üçün də nəzərdə tutulub.

Ekspertlər bildirirlər ki, məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir. Çünki bu cihaz nəqliyyat vasitələrinin bütün hərəkətlərini, sürət həddini və nə qədər vaxt fasiləsiz yol getdiyini dəqiqliklə qeydə alır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu qayda şəhərdaxili qısa məsafələrə sərnişin daşıyan avtobuslara şamil edilmir.

Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə taksoqraf olmazsa və ya nasaz, plombu pozulmuş, eləcə də məlumatları saxtalaşdırlmış taksoqraf olarsa, həmin nəqliyyat vasitəsinin sahibi cərimələnə bilər.

Qanun 2019-ci il yanvarın 1-də qüvvəyə minəcək.