Azərbaycan Premyer Liqasının VI turunda daha bir matç baş tutub.

Unikal.org xəbər verir ki, ilk oyun günündə son çempion "Qarabağ" debütant "Sabah"ın qonağı olub. Ağdam təmsilçisi 82-ci dəqiqədə Miçel Madeyranın baş zərbəsi ilə vurduğu qolla hesabı açıb. Son nöqtəni isə 88-ci dəqiqədə İnnosent Emeqara qoyub - 2:0.

Qarşılaşmanın 49-cu dəqiqəsində Filip Ozobiç penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Saşa Stamenkoviç dəf edib.

Həftəyə 1-ci pillədə başlayan "Qarabağ" bu qələbə sayəsində xalını 16-ya çatdırsa da, liderliyi əldən verib. Buna səbəb "Neftçi"nin turun açılış matçında "Səbail"i 4 cavabsız qolla məğlub etməsidir. Eyni xala malik "ağ-qaralar" top fərqinə görə zirvəni ələ keçirib.

Qeyd edək ki, tura sentyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Zirə" və "Qəbələ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.