Moskvanın cənub-qərbində kirayə qalan azərbaycanlıların ailəsində faciə baş verib.

Unikal.org  oxu.az-a istinadən xəbər verir ki, ailənin 10 yaşlı üzvü səhər yeməyi zamanı boğulub .

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının həyatını xilas edə bilməyib.

Nəşr yazır ki, Zülfiyyə (ad şərtidir) ailənin ikinci övladı olub və epilepsiyadan əziyyət çəkib. Üç yaşına qədər xəstəlik azyaşlının həyatına ciddi təsir etməyib. Lakin Zülfiyyənin anasının da dayə işlədiyi uşaq bağçasına gedən zaman ilk bədbəxt hadisə baş verib. Epilepsiya tutması zamanı azyaşlı yerə yıxılıb və onurğa sütununu zədələyib. Bundan sonra Zülfiyyə birinci qrup əlili olub. Azyaşlı sərbəst gəzə bilməyib, həmçinin danışmaqda və hətta yemək yeməkdə çətinlik çəkib.

Oktyabrın 18-də ailə səhər yeməyinə yığışmışdı. Ana 10 yaşlı qızına yemək yedizdirirdi. Bu zaman xırda ət tikələrindən biri Zülfiyyənin boğazında qalıb. Azyaşlı boğulmağa başlayıb. Ailə təcili tibbi yardıma zəng vurub, köməyə qonşular da gəlib. Lakin bütün səylərə baxmayaraq Zülfiyyənin həyatını xilas etmək mümkün olmayıb.