Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən Bakı şəhərinin bütün rayonlarında əhalinin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər həyata keçirilir, məhəllələr, həyətlər, yaşayış binaları, parklar və digər sosial obyektlər təmir olunaraq sakinlərin istifadəsinə verilməsi artıq ənənəyə çevrilib.
Unikal.org xəbər verir ki, qeyd olunan işlər çərçivəsində Q.Qarayev prospekti 71 ünvanındakı məhəllələrarası parkda da rayonun daxili imkanları hesabına yenidənqurma işləri aparılıb və əsaslı təmir olunub. Bununla əlaqədar burada rayon rəhbərliyinin, xidmət sahələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə parkın istifadəyə verilmə mərasimi keçirilib. Eyni zamanda, parkda əhali ilə səyyar görüşlər çərçivəsində həyata keçirilən "Açıq mikrofon təşkil olunub.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısının tapşırığına əsasən ölkədə aparılan abadlıq-quruculuq işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışıb, sakinlərin rahat istirahətini təmin etmək məqsədilə bir çox ərazilərdə müasir yeni abad məhəllələr salındığını qeyd edib.
A.Qasımov vurğulayıb ki, Q.Qarayev prospekti 71 ünvanında sahəsi 0,4 ha olan park əsaslı təmir olunub, 100 ədəd yeni ağac və kol əkilib, 2400 m2 qazon döşənib, 20 oturacaq və iki yerdə söhbətgah qoyulub. Eyni zamanda, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları və idman qurğuları, həmçinin şahmat meydançası quraşdırılıb.
Bunlardan əlavə, parkətrafı ərazilərə yeni asfalt, parkdaxili gediş ərazisinə isə 1664 m2 tamet və 1472 metr səki daşları döşənib, yeni işıqlandırma sistemi quraşdırılıb.
Həmçinin parkın yaxınlığındakı 5 mərtəbəli yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub.
"Açıq mikrofon şəraitində davam edən tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib. Sakinlər C.Naxçıvanski küçəsi 61, Rüstəmov küçəsi 56, 58 ünvanlarındakı binaların həyətlərinin abadlaşdırılması, Q.Qarayev prospekti 73 ünvanındakı binanın fasadının və dam örtüyünün təmiri, Rüstəmov küçəsi 72a ünvanında inşa olunmuş yüksəkmərtəbəli binanın mənzillərinin özəlləşdirilməsinə köməklik göstərilməsi kimi məsələlərlə rayon rəhbərliyinə müraciət ediblər.
Daha sonra sakinlərin istək və arzuları dinlənilmiş, problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşiriqlar verilib.
Sonda sakinlər görülən işlərdən razılıq ifadə edərək, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.