Xaricdə yaşayan Azərbaycan əsilli gəncləri özündə birləşdirən "Azərbaycan Diaspor Gəncləri təşkilatı artıq fəaliyyətə başlayıb.
Unikal.org xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş "Cümhuriyyətin 100 illiyi adlı I Yay Düşərgəsində təsis edilən təşkilatın əsas məqsədləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsidir. Təşkilatın müvafiq əsasnaməsi, nizamnaməsi və fəaliyyət planı işlənib hazırlanmışdır ki, bu da Azərbaycan diasporunun inkişafına gənclərin töhfə verməsinə zəmin yaradacaqdır.
"Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının müasir dizaynda, həmçinin milliliyi özündə əks etdirən loqo və sloqanı hazırlanıb. Eyni zamanda, "Wikipedia açıq ensklopediyasında fəaliyyət göstərmək məqsədilə işçi qrup da yaradılıb. Qrup artıq Azərbaycanın milli qəhrəmanları ilə bağlı məqalələr yerləşdirib, Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə daha geniş kütləyə çatdırılması istiqamətində çalışır. İşçi qrupun Amerika-Kanada, Avropa, Afrika, Asiya ölkələri, Türkiyə, Rusiya, Gürcüstan üzrə fəaliyyət göstərən üzvləri yaşadıqları ölkələrdə bir çox layihələrin həyata keçirilməsini planlaşdırırlar.
Həmçinin, təşkilat gənclər tərəfindən olduqca maraqla qarşılandı, bir çox gənclər təşkilatda təmsil olunmaq üçün müraciət edirlər. Bütün bunlar, gələcəkdə fəaliyyət sahəsinin daha da genişləndirilməsini zəruri edir. Qlobal məkanda aktiv fəaliyyəti hədəf seçən ADG-nin başlıca prioritetləri beynəlxalq informasiya məkanına çıxış, ölkəmizlə bağlı həqiqətlərin daha effektiv və intensiv təbliğində iştirakdır.
Qeyd edək ki, ADG Diaspor Gənclərinin I Yay Düşərgəsi zamanı yaradılıb. 22-28 avqust tarixlərində təşkil olunan düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib.