İtaliyalı jurnalist Domeniko Letisiya "L`Opinione" qəzetində digər italyan jurnalist Can Mikalessinin Dağlıq Qarabağ münaqişəsinə dair "Il Giornale" qəzetində dərc etdirdiyi qərəzli məqaləsinə cavab verib.
Unikal.org xəbər verir ki, C.Mikalessi məqaləsində münaqişə, xüsusilə də bu il aprelin 2-də təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini dəstəkləyən Azərbaycana qarşı qərəzli, təxribatçı və iftiralarla dolu fikirlərlə çıxış etmişdi.
Domeniko Letisiya "Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirərək" adlı cavab məqaləsində münaqişəni təhlil edərək, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərini işğal etməsinin və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyd-şərtsiz və dərhal çxarılmasına dair BMT TŞ-nin 4 məlum qətnaməsi, ATƏT, AŞ, Avropa Parlamenti, NATO və sair beynəlxalq təşkilatların sənədlərinə Ermənistanın məhəl qoymamasının dayandığını vurğulayır. Azərbaycanın beynəlxalq humanitar hüququn normalarına hörmət edən nizami silahlı qüvvələrə sahib olduğunu, əksinə Ermənistan tərəfindən mülki əhaliyə qarşı amansızlığı ilə tanınmış "ASALA" erməni terrorçu təşkilatının nümayəndələrinin döyüşdüyünü qeyd edir.
Müəllif erməni mənbələrinin yaydığı rəsmi məlumata əsasən, 2-5 aprel hərbi əməliyyatları zamanı 83 erməni döyüşçünün həlak olduğunu, bunun 65 nəfərinin və ya 78%-inin Ermənistan mənşəli şəxslər olduğunu, bu faktın Azərbaycan ərazilərinin məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olduğunu sübut etdiyini bildirir.
Daha sonra D.Letisiya Ermənistanın ölkəmizə qarşı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş kimyəvi silahdan (ağ fosfor) istifadə etməsi və Ermənistanın keçmiş baş naziri, hal-hazırda parlament üzvü Qrant Baqratiyanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsini də oxucuların diqqətinə çatdırır.
Müəllif həmçinin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalarası Alyansının 7-ci Qlobal Forumu barədə söhbət açır, tədbirin əhəmiyyəti, tədbirə qatılmış mötəbər iştirakçılar və onların Azərbaycanla bağlı müsbət fikirlərinə yer vərərək, Azərbaycanın multikulturalizm modelinə diqqət çəkir.
Bunun əksinə olaraq, Ermənistanda qeyri-demokratik mühitin, avtoritar hakim rejimin mövcud olduğu, ötən ilin dekabrında Ermənistanda hakim rejimin öz hakimiyyətini əbədiləşdirmək üçün konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə saxtalaşdırılmış referendum keçirdiyini bildirir. Həmin konstitusiya dəyişikliklərinin və referendumun Avropa Şurası tərəfindən pislənildiyini, habelə bu dəyişikliklərə qarşı ölkədə iğtişaşların baş qaldırdığını qeyd edən müəllif əlavə etmişdir ki, Ermənistan hakimiyyətinin məhz məlum 2-5 aprel avantürasına getməkdə məqsədi diqqəti ölkədaxili problemlərdən yayındırmaq olmuşdur.