Xəbər verdiyimiz kimi bu gün Bakı-Gəncə marşrutu üzrə hərəkət edən sürətli elektrik qatarı sərnişinlərin ixtiyarına verildi. Məqsəd Gəncədən paytaxta gəlib-gedən sərnişinlərin rahatlığını təmin etməkdir.
Unikal.org xəbər verir ki, bu gün saat 9:00-da Gəncəyə yola düşən Bakı-Gəncə sürət qatarı, saat 12:45-də Gəncəyə çatıb. Gəncədə sürət qatarı izdihamla qarşılanıb.
Sürət qatarının ilk sərnişinləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, deputatlar, jurnalistlər və mədəniyyət nümayəndələridir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.
O, bu reysi böyük hadisə adlandıraraq rəhbərlik etdiyi qurumun planlarının bununla yekunlaşmadığını qeyd edib: “Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".
Sədr tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək arzularını çatdırıb: “Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".
Tədbirdə həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İham Balakişiyev çıxış edib. ADY-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.