“Son günlər bəzi elektron kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər”. 

Bu barədə Unikal.org-a “Dövlətqaçqınkom”un Mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

“Bununla əlaqədar olaraq bildiririk ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilmişdir.

Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılmışdır. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilmişdir.

Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülmüşdür”,-deyə Mətbuat xidməti bəyan edib.