Neftçalanın icra başçısı "balıq biznesi"ni nəzarətinə keçirir
13:10 21-09-2012
CƏMİYYƏT
Neftçalanın icra başçısı "balıq biznesi"ni nəzarətinə keçirir
İsmayıl Vəliyevlə rayondakı balıqçı-sahşibkarlar arasında ixtilaf var
Neftçala rayon icra hakimiyyətinin nümayəndələri rayon ərazisində balıq ovu ilə məşğul olan sahibkarlara təzyiqlərini artırıb. İcra başçısı İsmayıl Vəliyev məsələdən xəbərdardır və hətta belə ixtilafların ortaya çıxmasına məhz onun göstərişlərinin səbəb olduğuna şübhə yoxdur. Bu barədə rayondakı mənbələr iddia edirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl "Azadlıq" radiosunun qaynar xəttində bu barədə bir şikayətə rastlaşdıq. Şikayət müəllifi - neftçaladan sahibkar Natiq Hüseynov bildirib ki, rayonun icra hakimiyyəti və ekologiya nazirliyinin həmin rayon üzrə şöbəsi onun sahibkarlıq fəaliyyətinə əngəllər yaradır. "1990-cı ildə həbsə düşmüşəm, 2 il həbsdə olmuşam. Sağlamlığımı həbsxanada qoymuşam. Ciyərim vərəm, böyrəyimin biri yox, mədəmdən də iki dəfə əməliyyat olunmuşam. "Azərbaycanın azadlığı uğrunda mübariz" fəxri adı almışam. Şikəst adamam, balalarımı acından öldürməmək üçün 2007-ci ildə "Hacı Natiq" Məhdud Məsuliyyətli Cəmiyyət yaratmışam, qanuni şəkildə balıqçılıqla məşğul oluram. Daha doğrusu, məşğul olmağa çalışıram, ancaq imkan vermirlər. İcra hakimiyyəti deyir pul ver, Ekologiya Nazirliyinin rayon şöbəsi deyir pul ver. Dənizdə 250 motorlu qayıq var, qanunsuz balıq tuturlar, rüşvətlərini verib işlərini aşırdırlar. Mənə isə eyni işlə qanuni şəkildə məşğul olmağa imkan vermirlər" - şikayətçi vurğulayıb.
Sahibkar onu da deyib ki, balıqçılıqla məşğul olmaq üçün hər ilin dekabr ayında 1 illik kvota alınmalıdır. Ancaq rüşvət vermədiyinə görə ona kvota verilmir: "Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir erkək balıq, bir də ana balıq vermişdim. Erkəyi sənədləşdirdilər, ancaq ana balığı yox. Qanuna görə, növbəti il üçün kvota əldə etmək üçün tutduğun kürülü balığı onlara təhvil verməlisən. Ancaq məndən qəsdən qəbul eləmədilər ki, kvota ayırmasınlar. Qanuni yolla işini qurmaq istəyirsən, qarşına hasar çəkirlər, min bir əngəl yaradırlar. Adamı özləri vadar edirlər ki, əyri yollara əl atasan. Mən də and içmişəm ki, ölsəm də rüşvət verən deyiləm".
Natiq Hüseynovun sözlərinə görə, ona kvota ayrılmadığına görə balıqçılıqla məşğul ola bilmir. Əlindən isə başqa iş gəlmir ki, məşğul olsun. O deyib ki, sahibkarlıq fəaliyyətinə əngəl yaradan səbəblərdən biri də Neftçala rayon İcra Hakimiyyətinin başçısının ona olan qərəzli münasibətidir: "İcra başçısı təzə gələndə mənim sahibkarlıqla məşğul olmaq üçün dəniz kənarında əvvəlki icra başçısından sərəncamla aldığım torpağımın sənədini öz sərəncamı ilə ləğv eləmişdi ki, torpağı özünə götürsün. Mən də məhkəmə yolu ilə onun sərəncamını ləğv etdirib torpağı öz mülkiyyətimə qaytara bilmişəm. İndi mənə sahibkar kimi fəaliyyət göstərməyə imkan vermir".
Düzdür, Neftçala rayon İcra Hakimiyyətindən bildiriblər ki, Natiq Hüseynovla icra hakimiyyəti arasındakı torpaq mübahisəsi məhkəmə yolu ilə həll olunub. İcra hakimiyyəti başçısının vətəndaşa qarşı nə qərəzi var, nə də qurum adamların sahibkarlıq fəaliyyətinə qarışmır. Natiq Hüseynov problemini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həll etməlidir. Nazirliyin Neftçala rayon şöbəsindən isə bildirdilər ki, Natiq Hüseynov kvota üçün şöbəyə rəsmi müraciət etməyib. Əgər müraciət edərsə və kvota ayrılması üçün sənədlərini təqdim edərsə, şöbə sahibkara növbəti dekabr ayında kvota ayırmağa hazırdır.
Amma bu barədə bilgi aldığımız rayondakı qaynaqlar icra hakimiyyətindən deyilənlərin heç də o qədər sadə olmadığını və bunun media vasitəsilə populizm xatirinə söylənən sözlərdən başqa heç bir əhəmiyyət daşımadığını qeyd etdilər. Əlavə etdilər ki, İsmayıl Vəliyevin təyinatından sonra Neftçalanın balıqçı-sahibkarları olduqca ciddi problemlərlə qarşı-qarşıyadırlar, belələri bürokratik əngəllər və birbaşa təzyiqlər vasitəsilə balıq ovu ilə məşğul olmaqdan usandırılır, uzaqlaşdırılır.
Xatırladaq ki, İsmayıl Vəliyev 6 aprel 2011-ci ildə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Aradan keçən təxminən ilyarımlıq müddətdə isə icra başçısından kəskin narazılıqlar var ki, bu narazıların da böyük hissəsini kvota əsasında balıq ovu ilə məşğul olanlar təşkil edir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55