Ötən il ərzində dövlət qurumlarının fəaliyyəti ilə bağlı ən çox şikayət edən insanların adları açıqlanıb.
Unikal.org xəbər verir ki, siyahı Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mediada dərc etdirdiyi yazısında öz əksini tapıb. Şöbə müdiri bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Onun sözlərinə görə, vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar: “Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar”.
Ən çox şikayət edən şəxslər: Abşerondan Sakit Xankişiyev, Ağcabədidən Elçin Cəlilov, Ağdamdan Şakir Məhərrəmov və Vidadi Sadıqov, Bərdədən Zahid Mikayılov, Beyləqandan Gürşad Ramazanov və Vüqar Əliyev, Biləsuvardan Eldar Hüseynov və Elvin Quluzadə, Binəqədidən Həmid Axundov, Zərbani Ağayeva, Cəlilabaddan Emil Bayramov, Sadıq Yarıyev, Göyçaydan Təşəkkür Şirinov, İmişlidən Nahidə Şirinova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Masallıdan Nərgiz Əmirova, Naftalandan Ruqiyyə Qarayeva, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Nəsimidən Fatma Piriyeva, Nizamidən Veronika Rufullayeva, Saatlıdan Qismət Səmədov, Sabunçudan Olqa və Aleksandra Smolyaninovalar, Gülsəfa Musayeva, Bahar Əhmədova, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Şövqi Həsənov, Yelena Yusupova, Sevil Səfərova, Zərdabdan Mehman Məmmədov…
S. İsmayılov qeyd edib ki, "Vətəndaşların müraciətləri haqqında” qanunun "Müraciətin baxılmamış saxlanması” maddəsinə görə, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır: “Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər qanunun verdiyi bu imkandan sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir”.