Şəxsi profilində bir şəkil paylaşıb dostlarınla vaxtını dəyərləndirmək istəyirsən ki, paylaşdığın şəklin saxta bir profil tərəfindən də paylaşıldığını görürsən. Bəs, belə hallarla bağlı nəzarət və qadağa varmı?
Unikal.org xəbər verir ki, ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Sakin: “Kiminsə şəxsi şəklini, yaxud da şəxsi məlumatalarını paylaşmaq ümumiyyətlə cinayət faktıdır”.
Sakin: “Düzgün bir hərəkət deyil başqasının şəklindən istifadə etmək, ailələr dağıla bilər”.
Sakin: “Əxlaqsızlıqdır, tərbiyəsizlikdir. Mən belə başa düşürəm”.
Elmir Əkbər – Psixoterapevt: “Bizdə insanlarda hələ də sosial şəbəkələrdə, internetdə davranış mədəniyyəti formalaşmayıb. Məxfiliyə və ya konfidensiallığa hörmətlə yanaşmırlar. Şəkil idi paylaşmışdı, gizli deyildi. Elə bilirlər ki, kimsə öz səhifəsində paylaşdığı şəkil artıq hamıya məxsusdur, kim istəsə ondan yararlana bilər. Bu qətiyyən belə deyil”.
Zəminə Səfərova – Sosioloq: “İşsiz-bekar insanlardır oturublar evdə heç bir işlə məşğul deyillər. İctimaiyyətin də qınağı lazımdır ki, birdəfəlik bu yoldan əl çəksinlər”.
Bir zamanlar bu məsələlərə qeyri-ciddi baxılsa da artıq saxta profillərdən paylaşılan şəkillər məsələsi qanunda da öz əksini tapır. Cinayət Məcəlləsinə edilən sonuncu dəyişiklikdən sonra bu əməl artıq cinayət hesab olunur.
Gülnar Quluzadə – Vəkil: “İnternet istifadə vasitələrindən istifadə edərək, saxta profil yaratmaq cinayət məcəlləsinə əsasən cinayət sayılır və cəza olaraq 1000 manatdan 2000 manata qədər cərimə, 360 saatdan 460 saatadək ictimai işlər, 2 ilədək isalh işləri və 1 il müddətində azaldıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxs cəzasını alsa da, bundan əlavə həmin maddənin əsasını təşkil edən ki, əgər şəxs özünü təhqir olunmuş hesab edir, bu halda mülki iddia qaldırıraq ona dəymiş mənəvi ziyanı da tələb edə bilər”.
Bir çoxları bunu pis bir hal kimi dəyərləndirməsələr də, heç nə əsas vermir ki, kiminsə icazəsi olmadan onu fotosunu paylaşasan.
Elmir Əkbər – Psixoterapevt: “Bəziləri bunu tamamilə məlumatsızlıqdan, heç bir pis niyyəti olmadan edir. Loru dildə desək manyak təfəkkürdə insanlar da var. Paronoyal şəxsiyyət pozuntusu olan insanlardır. Onlar kimisə hədəfə götürürlərsə qurtardı, o insanın ömrünü-gününü zəhərə çevirirlər”.
Zəminə Səfərova – Sosioloq: “Yaxşı olardı ki, sosial şəbəkələrdə bizim milli-mənəvi dəyərlərimizi təbliğ etsinlər ki, tərbiyəvi əhəmiyyəti olsun gənclərimiz üçün. Artıq insanlar dərk etsinlər ki, belə yollara əl atmasınlar, bilsinlər ki artıq bunlar nəzarətdədir. Və hər bir şəx istəsə o adamı məhkəmə yolu ilə tapa bilər”.
İnternetdən, sosial şəbəkələrdən düzgün istifadə edərsək, nə qanuna ehtiyac olar, nə də məhkəməyə. Necə deyərlər insanın ən böyük məhkəməsi elə onun vicdanıdır.