Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Unikal.org-un məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Yeni körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilir.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarət olacaq. Burada eni 3,75 metr olacaq qapalı piyada zolağı da nəzərdə tutulub.