Xəbər verdiyimiz kimi, Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira edib.
Unikal.org xəbər verir ki, yeni ixtira sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
İxtiranın müəlliflərindən biri olan texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov Unikal.org-a bildirib ki, bu velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda işləyir və bunu sürən şəxslərin şalvarları cırılmayacaq:
"Bu tam ötürməli velosipeddir, təkərlər ayrı-ayrı işləyir, sürəti idarə ediləndir. Bu tip velosipedləri Amerika və Yapon şirkətləri də istehsal edir. Xarici ölkələrin istehsal etdiyi bu tip velosipedlərin 3000-4000 avro qiyməti var. Bizim ixtiramız xarici alimlərin velosipedindən daha mükəmməldir. Bu layihə hələ ki, kağız üzərindədir. Layihəni həyata keçirmək üçün bir velosipedə təxminən 1500-2000 manat vəsait tələb olunur. Bizim velosipedimizin zəncir ötürməsi yoxdur. Bilirsiniz ki, zəncir ötürməsi olan velosipedlər bir sıra problemlər yaradır. Zəncir çirklənir, tez-tez qırılır, şalvarın ətəyini cırır. Bizim velosipedləri sürən adamların şalvarı cırılan deyil. Qaldı ki, ixtiramızı tənqid edənlərə ən ali ixtiralar da tənqid edilir, bəyənənlər də olur, bəyənməyənlər də. Layihə özünü doğruldandan sonra tənqid edənlər yanıldığını görəcəklər. Bunu əhəmiyyətsiz ixtira hesab etməsinlər. Onlar bilmirlər ki, velosipedin 30 mindən çox patent alan növü var. Yüksək Texnologiyalar parkına müraciət etdik. Dedilər sınaq nümunəsini yaradın, investor tapaq. Biz bir nüsxə yaradanıqsa, özümüz bu velosipedləri istehsal edərdik. Yaxın aylarda ilk velosipedi istehsal edəcəyik".
Famil Fərhadoğlu