Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.
Unikal.org-un məlumatına görə, onlar arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var.
F.İsmayılova mayor rütbəsi verilib.
Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur.
Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur.
1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ailəlidir, 1 qızı və 2 oğlu var.