Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

Unikal.org xəbər verir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib. 

Akademik Kamal Abdulla ADU tələbələrinin bu il artıq ikinci dəfədir ki, məcburi köçkün məktəblərinə təcrübəyə yollandıqlarını bildirib: “Gənclərimiz ikinci dəfədir ki, bu marşrutla hərəkət edəcəklər. Adətən, pedaqoji təcrübə Bakı məktəblərində baş tutur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın digər regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini biruzə verir, müəllimlərimizin bizimlə əl-ələ verdiyinin göstəricisidir. Buna görə tələbələrimizə və müəllimlərimizə universitet rəhbərliyi adından təşəkkür edirəm”. K.Abdulla tələbələrin özlərini ilk dəfə müəllim kimi sınamaq imkanına sahib olacaqlarını deyib: “Sizin həyatınızda çox böyük məqamdır, gələcək fəaliyyətinizə işıq salan haldır. Görəcəksiniz ki, o şagirdlərin qəlbində sizin izinizin qalması ilə yanaşı, sizin də qəlbinizdə həmin şagirdlərin izi qalacaq. İlk təcrübə ilk məhəbbət kimidir. Arzu edirəm ki, təcrübəni könül xoşluğu ilə başa vurasınız. Əminəm ki, geri qayıdarkən gözlərinizdə qayğı, həsrət hissləri olacaq, onları böyük məhəbbətlə, niskillə xatırlayacaqsınız”. Rektor K.Abdulla məcburi köçkün məktəblərində təcrübə keçən tələbələrin böyük təəssüratlarla qayıdacaqlarını söyləyib: “Bu təcrübə yalnız pedaqoji istiqamətdə qurulmamalıdır. Bu təcrübənin daha da zənginləşməsi üçün biz hər cür imkandan istifadə edəcəyik. Bizim əməkdaşlarımız məktəblərə sizi ziyarət etməyə gələcəklər. Siz orada müxtəlif tədbirlər təşkil edəcəksiniz. Sizi çox maraqlı ünsiyyət gözləyir. Bu ünsiyyət gələcəkdə sizin müəllim peşəsinə yiyələnməyinizə son dərəcə böyük impuls verəcək”. K.Abdulla məktəblərdə nizam-intizam qaydalarına riayət olunması barədə tövsiyələrini verib: “Siz bizim göyərçinlərimizsiniz. Bizi getdiyiniz yerlərdə təmsil edirsiniz. Sizin oradakı rəftarınızdan, peşənizə olan sevgini nümayiş etdirmə bacarığınızdan universitetimizə olan maraq və diqqət formalaşacaq”. O, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin vətən nisgilini azaltmaqda tələbələrin məsuliyyət daşıdığını qeyd edib: “Təsəvvür edin, əvvəllər məcburi köçkün məktəblərində vəziyyət acınacaqlı idi. Məktəblər vaqonlarda yerləşirdi. Amma indi Heydər Əliyev Fondunun köməyi ilə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından fəaliyyəti nəticəsində inşa edilən məktəbləri, yaradılan şəraiti, uşaqlardakı oxumaq həvəsini görəndə özünüz oradan ayrılmaq istəməyəcəksiniz. Amma şagirdlərdə oxumaq həvəsi ilə yanaşı, gözlərində nisgil də var. Siz bu nisgilin aradan götürülməsini təmin etməlisiniz. Bu gün ölkəmiz də, Prezidentimiz də bu istiqamətdə əlindən gələni edir. Biz görürük ki, ölkə rəhbəri dünya liderləri ilə danışıqlar aparır, dünyanı inandırmağa çalışır ki, Azərbaycan həqiqəti haradadır, nədən ibarətdir? Ona görə də sizin öhdənizə belə bir ictimai-siyasi missiya düşür ki, o uşaqlarla, müəllimlərlə də ünsiyyətinizdə bütöv azərbaycançılıq obrazının yaradılmasına gətirib çıxarasınız. Dərsdənkənar ünsiyyət böyük əhəmiyyət kəsb edir. Bu, yalnız pedaqoji təcrübə deyil, hər birinizin ictimai-siyasi fəaliyyətinizdir. Bununla siz sübut edirsiniz ki, ölkə prezidentinin yanındasınız, ölkənin siyasi xəttinin həyata keçirilməsində fəal iştirakçısınız. Bu, bizim dünyaya nümayiş etdirmək istədiyimiz Azərbaycan həqiqətlərinin əhəmiyyətli hissəsidir”. Proqramların tərtib olunduğunu deyən K.Abdulla universitetin tələbələrə görəcəkləri işlərlə bağlı hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib. 

ADU-nun rektoru K.Abdulla istehsalat təcrübəsinin tələbələrin peşəkarlığının daha da təmkilləşməsinə xidmət etdiyini deyib: “İndi təcrübəsinə getdiyiniz qurum gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq, peşəkar kimi hərəkət etməyinizin səbəbi olacaq. Hər il olduğu kimi, bu il də universitet çalışıb ki, getdiyiniz təcrübə yerlərinin coğrafiyası genişlənsin. Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa hazırlaşan, digər dövlət qurumlarında çalışmağa hazırlaşan gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir. Bu iki istiqamətlə biz tam püxtələşmiş Azərbaycan vətəndaşının addımlarını hiss edirik, onun gələcək hazırlığının ilk ştrixlərini, eskizlərini görürük. Getdiyiniz yerlərdə əmək kollektivi ilə birlikdə müəyyən işin öhdəsindən gəldiyiniz zaman burada öyrəndiyiniz vərdişləri təcrübədən keçirmək imkanı əldə edəcəksiniz. Elə etmək lazımdır ki, getdiyiniz yerlərdə sizin barənizdə doğru-dürüst təsəvvür olsun. Sizin haqqınızda olan təsəvvür, eyni zamanda universitet haqqında təsəvvürə çevrilsin”. Rektor bu mərhələnin universitet həyatının son dərəcə vacib mərhələsi olduğunu deyib: “Bu, sizin təkcə peşəkar kimi deyil, eyni zamanda azərbaycançılıq, dövlətçilik ideyaları ilə yaşayan gənclər, vətəndaşlar kimi püxtələşəcəyiniz mərhələdir. Ölkə prezidentinin hər zaman qeyd etdiyi kimi, Azərbaycanın işıqlı gələcəyinə doğru gedən yolda gənclərimiz bütün cəmiyyətimizi, milləti təmsil edir. Əminəm ki, siz də dövlətin iftixar mənbələrindən birisiniz və harada olmağınızdan asılı olmayaraq, doğma universitetinizin şərəfini uca tutacaqsınız”. Təcrübə müddətində universitetlə mütəmadi əlaqə saxlamalarını tövsiyə edən rektor tələbələrin fəaliyyətinin unviersitet əməkdaşları tərəfindən nəzarətdə olacağını bildirib. Təcrübə keçəcəkləri müəssisələrin nizam-intizam qaydalarına riayət olunmasının vacibliyindən danışan rektor təcrübədən xoş münasibətlər quraraq, dostlar qazanaraq geri qayıtmalarını arzulayıb.   

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübədə iştirak edən tələbələrin ixtisaslar üzrə sayı, bölgələrə müraciət edən tələbələrin akademik göstəriciləri, məktəb və təşkilat sayları, təcrübə rəhbərləri, metodist, pedaqoq və psixoloqlar haqqında ətraflı məlumat verib. O, ötən və cari tədris ilindəki təcrübə prosesinin təşkili haqqında müqayisələri diqqətə çatdırıb. M.İsmayılov təcrübəçilər tərəfindən keçən təcrübə müddətində Bakı və bölgə məktəblərində bir sıra tədbirlərin təşkil olunduğunu xatırladaraq bu il də 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Nəsimin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, eyni zamanda müxtəlif kitabların təqdimatları, seminar və mühazirələr, azərbaycançılıq və multikulturalizm haqqında dəyirmi masalar, şagirdlər arasında müsabiqələrin keçiriləcəyindən söz açıb. O, 2018-2019-cu tədris ilində ümumilikdə 1100-ə yaxın tələbənin pedaqoji təcrübəyə gedəcəyini deyib. M.İsmayılov bildirib ki, pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 70-dən çox məktəb-liseyində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi şəhərlərində yerləşən məcburi köçkün məktəblərində və Qəbələ, Sabirabad, Quba, Şamaxı, Masallı rayonlarının ucqar kənd məktəblərində təcrübə keçəcəklər. M.İsmayılov bildirib ki, pedaqoji və istehsalat təcrübələri 2019-cu ilin fevral ayının 18-dən başlayacaq. O, pedaqoji təcrübənin ümumilikdə 14 həftə, bölgə məktəblərində isə 4 həftə davam edəcəyini deyib.

M.İsmayılov əlavə edib ki, ümumilikdə istehsalat təcrübəsinə cəlb edilən 500-ə yaxın tələbə isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, AMEA-nın institut və idarələri, tərcümə mərkəzləri, televiziyalar, informasiya agentliklərində, həmçinin İmişli rayon İcra Hakimiyyəti və Goranboy rayon Heydər Əliyev Mərkəzində 14 həftə müddətində təcrübə keçəcəklər.

M.İsmayılov daha sonra pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışıb, qiymətləndirmə prosesi barədə məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması, təcrübə rəhbərlərinin təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.