Misir Mərdanov daha bir plagiatlığa şərik olmaqda günahlandırılır
17:04 22-09-2012
CƏMİYYƏT
Misir Mərdanov daha bir plagiatlığa şərik olmaqda günahlandırılır
Azərbaycan təhsilində "elmi oğurluq"la bağlı yeni fakt üzə çıxdı
Azərbaycanın "Çaşıoğlu" nəşriyyatında 2011-ci ildə işıq üzü görmüş "Məktəbli kitabxanası" seriyasından iki cilddə buraxılmış "Riyaziyyat ensiklopediyası" kitabı Rusiyanın "Avanta+" nəşriyyatının 2003-cü ildə "Uşaqlar üçün ensiklopediya" seriyasından çap etdiyi "Matematika" ensiklopediyasından köçürmədir. Belə bir iddia ilə tanınmış təhsil eksperti, son zamanlar Azərbaycan təhsilindəki plagiatlıq xəstəliyi barədə ilginc faktlar ortaya çıxaran Əlövsət Osmanlı yazıb.
Osmanlı "Unikal" qəzetinə ünvanladığı yazısında qeyd edir ki, ruslar 688 səhifəlik iriformatlı bu kitabı ərsəyə gətirmək üçün böyük həcmdə maddi və elmi-pedaqoji resurslardan istifadə edib. Kitabın ərsəyə gəlməsi üçün işə yüzlərlə mütəxəssis cəlb olunub. Başqa cür düşünmək də olmaz, çünki belə kitablar bir-iki nəfərin yox, çoxlu sayda mütəxəssisin birgə əməyinin məhsulu kimi yaranıb ortaya çıxır.
Amma iş burasındadır ki, ruslardan fərqli olaraq, bizdə bunu böyük bir kollektiv yox, cəmi iki nəfər "ərsəyə" gətirib: fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri İlham Hüseynov və Məhəmməd Kərimov: "Ərsəyə gətirib demək də düz çıxmır, daha doğrusu, bu adamlar rusların yuxarıda adıçəkilən ensklopediyasını dədə-baba malı kimi tamam-kamal (?!) tərcümə edərək öz adlarına çıxıblar. Dəhşətin dərəcəsinə baxın, onlar vicdanları ağrımadan, nə köçürdükləri mənbənin, nə "Avanta+" nəşriyyatının, nə də ki, kitabın içərisindəki məqalə müəlliflərinin adlarını öz "ensiklopediyalarının" bir yerində belə göstərməyiblər. Belə çıxır, bu "əsər" bütövlükdə onların əməyinin məhsuludur. Üzdəniraq "ensiklopediyaçıların" gözləri o dərəcədə qızışıb ki, hətta onlar mənbənin ikinci səhifəsindəki "oğurlayanlar hüquqi məsuliyyət daşıyır" xəbərdarlığını da "görməyiblər"".
Əlövsət Osmanlının sözlərinə görə, faciənin digər, həm də ən dəhşətli tərəfi isə odur ki, bu oğurluq ensiklopediya, nə az, nə çox, düz 70 min nüsxə tirajla (iki cild birlikdə) od qiymətinə dövlət vəsaiti hesabına çap olunaraq məktəb kitabxanalarına paylanılıb: "Deməli, Azərbaycan dövləti Təhsil Nazirliyinin simasında kitab oğurluğuna ortaq edilib. Yəqin ki, sabah "Avanta+" ölkəmizi məhkəməyə verib dəyən ziyanı asanlıqla ala biləcək. Nəyə və necə etiraz edəcəyik? Kor kor, gör gör, oğurluq ortadadır..."
Qeyd edək ki, Azərbaycan təhsilinin başbilənlərinin, ən başda da təhsil naziri Misir Mərdanov olmaqla, bu cür plagiatlıqlara "dözümlü", bir çox hallarda isə dəstək, himayə xarakterli davranışları ilk dəfə deyil. Məsələn, bir müddət əvvəl elə Əlövsət Osmanlının özü yazılarının birində qosqoca ali məktəblərimizdən birində çalışan professorun moskvalı alimin kitabını necə oğurlayıb öz adına çap etdirməsindən bəhs etmişdi. Bildirmişdi ki, nazir Mərdanov ondan əvvəl bu oğurluğun "izinə düşübmüş". "Daha doğrusu, professor Nurəddin Kazımovun təkidli tələblərindən sonra Mərdanov Müəllif Hüququları Agentliyinə (MHA) müraciət edərək əməkdaşının oğurluq eləyib-eləmədiyini araşdırmasını istəyibmiş. Agentlik də rəsmi cavab veribmiş ki, "cənab nazir, kitab plagiatdır". İşçisinin doğrudan da oğruluğuna rəsmən əmin olduqdan sonra gözünə döndüyüm Misir müəllim də bilirsinizmi nə "tədbir" qılıb? - Heç nə, həmin professora əməkdar elm xadimi adı verdirib..." - Əlövsət Osmanlı belə yazır.
Və yaxud, iyunda təhsil eksperti növbəti elmi oğurluğun üstünü açmışdı. Üstəlik, budəfəki plagiatçılardan biri Misir müəllimin yaxın çevrəsində olan adam - nazirlikdə məsul vəzifə tutan xanım, digəri isə fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru idi. "Əlqərəz, bu adamlar əlbir olub rus alimi M.Çelışkovanın "Teoriya i praktika konstruirovaniya pedaqoqiçeskix testov" kitabını yağmalayaraq öz adlarına çıxmışdılar. Ən qəribəsi də o idi ki, filoloq ixtisaslı xanımın oğurladığı kitab riyazi statistika və ehtimal nəzəriyyəsinə (?!) aid idi. Amma bu dəfə də Mərdanov "elmi oğrular"ı nə cəzalandırdı, nə də onlara salaməleyki kəsdi. Heç nə olmamış kimi, işin üstündən keçildi.
Sonuncu plagiatlıq hadisəsindən sonra da Mərdanovdan heç bir təpki, reaksiya gözləmirik. Çünki artıq belə oğurluqlar Azərbaycan təhsilinin adi halına çevrilib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55