Məhkumlar telefonla daha çox danışacaq
16:42 25-09-2012
CƏMİYYƏT
Məhkumlar telefonla daha çox danışacaq
Əlməmməd Nuriyev: "Vətəndaşın qanunla məhkum edilməsi onun insani ləyaqətinin aşağılanmasını ifadə etmir"
Milli Məclisdən verilən məlumata görə, başlıqda sözügedən məsələ ilə bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub.
Layihədə məhkumların telefon danışıqlarının sayının artırılması və telefon danışıqlarına nəzarətin aradan qaldırılması nəzərdə tutulub.
Dəyişikliklərdə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər.
(Hazırda qüvvədə olan qanuna görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə bir dəfə, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər isə ayda iki dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər).
Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin telefon danışıqları il ərzində 4 dəfəyə qədər artırılacaq.
Yeni layihədə məhkumların telefon danışıqlarına nəzarət qismən aradan qaldırılıb.
Yalnız cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda, cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir.
İntizam xarakterli hərbi hissədə saxlanılan məhkumların il ərzində telefon danışıqlarının sayı 12-dən 24-ə qədər artırılıb.
Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, "Ümumən cəzaçəkməyə məhkum edilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə parlamenti və ali icra hakimiyyəti səviyyəsində proqram xarakterli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, sözügedən qanun layihəsi onun tərkib hisslərindən biridir".
Nuriyevin sözlərinə görə, "Azərbaycan müstəqillik qazanandan bəri bir sıra beynəlxalq konvensiyalara imza atmışdır. Bu konvensiyalarda digər hüquqi öhdəliklərlə yanaşı məhkum edilmişlərin sosial şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulmuşdur. Vətəndaşın qanunla məhkum edilməsi onun insani ləyaqətinin aşağılanmasını ifadə etmir. Əks-təqdirdə cəzanın heç bir mənası olmaz və biz cəza müddətini bitirib yenidən cəmiyyətə qayıdanların timsalında daha təhlükəli ünsürlər əldə etmiş olarıq. Qeyd etməliyəm ki, hər cəza özündə həm də islahedilməni ehtiva etdiyndən cəzaya hərfiyyən cəza kimi yanaşmaq və şərh etmək düzgün deyil".
Nuriyevin dediyinə görə, "Cəza müəssisələri ilə bağlı hazırda gündəlikdə olan digər mühüm məsələ bu müəssisələrin dustaqların yaşayış yerlərinə yaxın yerlərdə tikilməsidir. Artıq Naxçıvan Muxtar Respublikasında belə bir müəssisə tikilərək istifadəyə verilib. Gələcəkdə Şəkidə, Gəncədə və ölkənin digər bölgələrində də belə müəssisələrin istifadəyə verilməsi planlaşdırılır".
Ekspertin bildirdiyinə görə, "Hazırda cəzaçəkmə müəssisələrindəki ən təxirəsalınmaz problemlərindən biri də məhkum edilmişlərin məşğuliyyət məsələsinin həll edilməsidir. Məlum olduğu kimi, sovet dövründə həbsxanlarda bu baxımdan problem yox idi. Amma qeyd edilməlidir ki, həmin həbsxanalardakı məşğulluq strukturları sovet iqtisadiyyatının həlqəsi kimi qurulmuşdu. Amma yenə də pentensiar xidmətin rəhbərləri və digər müvafiq strukturlar bu boşluğun aradan qaldırılması üçün tədbirlər planı hazırlayırlar. Cəzaçəkmə müəssisələrində məşğulluq probleminin həll edilməsi həm də məhkumların boş vaxtlarının azalmasına gətirib çıxardacaq. Təkcə həbsxanada deyil, elə azadlıqda da bekarçılığın neqativ düşüncələrə və əməllərə yol açdığı məlumdur".
Nuriyev bildirdi ki, "Bu tip müəssisələrdəki ən ciddi məsələlərdən biri də psixoloq ştatının olmaması və ya azlığıdır. Məndə olan məlumata görə, dustaqların psixoloqla təmin edilməsi istqamətində də hazırlıq işləri görülür. Bu ştatın vacibliyi onunla izah edilir ki, azadlıqdan dustaqlığa keçid ciddi psixoloji sarsıntılarla müşahidə edilir. Bu mərhələdə onlara psixoloq yardımı, yeni mühitə adaptasiya önəmli rol oynaya bilər. Bundan əlavə, azadlığa çıxacaq dustaqların cəmiyyətə qayıdış üçün psixoloji cəhətdən hazırlanması, dustaqların bir-birləri ilə münasibətlərinin tarazlaşdırılmsı da təxirəsalınmaz problemlərdəndir".
Natiq
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33