Levon Ter-Petrosyan yenə də həyəcan təbili çalır
08:14 26-09-2012
CƏMİYYƏT
Levon Ter-Petrosyan yenə də həyəcan təbili çalır
"Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşmasından və Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir". Bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı verdiyi açıqlamada deyib.
Erməni Milli Konqresinin lideri L.Ter-Petrosyan bildirib ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalıdır: "Burada tapmaca tapmağa ehtiyac yoxdur. Sadaladığım problemləri həll edin, görün, Ermənistan necə dövlət olacaq".
İndiki prezident Serj Sərkisyanı tənqid edən L.Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradənin lazım olduğunu söyləyib.
Xatırladaq ki, prezident olduğu dövrdə-1998-cu ildə L.Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan danışıqları və dünyadakı siyasi prosesləri təhlil edərək "Nə sülh, nə hərb" başlıqlı məqalə ilə Ermənistan mətbuatında çıxış etmişdi. 1988-ci ildə Dağlıq Qarabağın guya azad olunması tələbləri ilə siyasətə qoşulub prezident seçilsə də, məqaləsində bildirmişdi ki, erməniləri qızışdırıb Azərbaycanla münaqişəyə cəlb edən böyük dövlətlərin heç biri Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Onlar Ermənistandan özlərinin siyasi məqsədləri üçün istifadə edirlər. L.Ter-Petrosyan qeyd etmişdi ki, Ermənistanın özünün belə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa cəsarəti çatmır. Ona görə də Ermənistan güzəştə gedərək inkişaf yolunu tutmalıdır.
Qeyd etmək lazımdır ki, L.Ter-Petrosyan ikinci müddətə prezident seçildikdən sonra reallıqları görərək Ermənistanın uduzacağını, Azərbaycanın isə qalib gələcəyini demişdi. O bildirmişdi ki, münaqişənin "Nə sülh, nə hərb" vəziyyətində qalması Ermənistanın xeyrinə deyildir. Zaman Azərbaycanın xeyrinə işləyir, deyən L.Ter-Petrosyan Ermənistanın ağır iqtisadi vəziyyətə düşəcəyini də proqnozlaşdırmışdı.
Bu məqalədən sonra Ermənistan parlamentində terror aksiyası baş vermişdi və L.Ter-Petrosyanın tərəfdarları olan parlamentin sədri, baş nazir, 6 nəfər deputat qətlə yetirilmişdi. L.Ter-Petrosyanın özü isə istefa vermək məcburiyyətində qalmışdı.
Hakimiyyəti ələ alan Köçəryan-Sərkisyan cütlüyü isə Ermənistanı terror yuvasına çevirdilər. Erməni xalqı acınacaqlı, məhrumiyyətlərə məhkum olunmuş vəziyyətdə yaşamaq məcburiyətində qaldı. Hər gün Ermənistanı onlarla adam tərk edir.
Odur ki, bu gün Ermənistanın eks-prezidenti ölkəsinin güclü dövlət olması üçün hakimiyyətə Türkiyə ilə münasibətləri normallaşdırmağı və Dağlıq Qarabağ münaqişəsini həll etməyi məsləhət görərək, əslində rəsmi İrəvanı güzəştə getməyə çağırır ki, Ermənistan bir dövlət kimi tamamilə məhv olmaqdan xilas olsun. Siyasi iradənin lazım olduğunu dedikdə isə, keçmiş prezident indiki prezident Serj Sərkisyanın üçüncü qüvvələrin diktəsindən azad olub müstəqil siyasət apara bilməməsinə işarə vurur.
Artıq hər keçən ilin Ermənistanın məhvini bir az daha yaxınlaşdırdığını hamı aydın şəkildə görür və bu məsələdə L.Ter-Petrosyan da istisna deyil.
Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, "Son zamanlar Ermənistanda çoxları Petrosyanın "ağzı" ilə danışmağa başlayıb və bu, təsadüfi deyil. Nəhayət, Ermənistanda, deyəsən, bölgənin reallığını dərk etməyə başlayırlar. Reallıq isə bundan ibarətdir ki, İranı istisna etmək şərtilə Ermənistan özünün yürütdüyü siyasət nəticəsində bu bölgədə tamamilə təklənib və bölgədə həyata keçirilən bir çox mühüm beynəlxalq layihələrdən kənarda qalıb. Başqa sözlə desək, Ermənistanın yürütdüyü xarici siyasət bu dövləti məhv etməklə məşğuldur".
Politoloq bunu da xatırladır ki, "Levon Ter-Petrosyanın bu gün qəbul etmədiyi və əksinə hərəkət etməyə çağırdığı militarist siyasətin təməli vaxtilə Moskvanın diqtəsi ilə onun özü tərəfindən qoyulub və bu qarşıdurmanın nəticəsində həm Azərbaycan, həm də Ermənistan böyük itkilərə məruz qalıb. Hər halda gec də olsa, Ermənistanda vəziyyətin olduqca çıxılmaz dalana dirəndiyini anlayanların meydana gəlməsi ondan xəbər verir ki, Azərbaycan dövləti Dağlıq Qarabağ probleminin həllində düzgün siyasi-diplomatik kurs seçib və bu kursu qətiyyətlə davam etdirmək lazımdır. Ermənistanda ayıq şəkildə və soyuq başla düşünməyi bacaranlar Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurların nələrə gətirib çıxaracağını gözəl anladıqlarından vəziyyətdən çıxış yolları axtarmağa başlayıblar".
Savalan
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55