Rəzalətin son həddi - əsir düşərgələrində NKVD fəaliyyəti
08:19 26-09-2012
CƏMİYYƏT
Rəzalətin son həddi - əsir düşərgələrində NKVD fəaliyyəti
NKVD 1 836 562 əsirdən 233 400 nəfərini "satqınlığa" görə QULAQ sistemi ilə cəzalandırıb
RSFSR-in 1926-cı ildə qüvvədə olan Cinayət Məcəlləsində (maddə 193, paraqraf 22) deyilir: "Rəhbər şəxsin birbaşa əmri olmadan döyüş mövqeyini tərk etmək və ya düşmənə əsir düşmək güllələnmə ilə cəzalandırılır". Maddə çox sərtdir və müəyyən situasiyalarda yerinə yetirilməsi çox çətindir.
Əsirlik dəhşəti
Əsasən də o vaxt ki, düşmən qəfildən hücum edir, bütün rəhbərlik çaşqınlıq içində olur, mərkəzdən mövcud vəziyyətə uyğun olmayan və tamamilə zidd olan əmrlər gəlir, bəzən isə ümumiyyətlə heç bir reaksiya verilmir. Və belə bir dəhşətin nəticəsi olaraq sovet əsgər və zabitləri kütləvi şəkildə əsir düşürdülər.
Bu məqamla bağlı Vermaxtın (nasist Almaniyasının silahlı qüvvələri) tank əleyhinə müdafiə qoşunlarının komandiri Qottlob Biderman öz xatirələrində yazırdı: "Yerdən qalxan və əllərini qaldırıb ehtiyatla bizə yaxınlaşan əsir mənzərələri adi hal almışdı. Əksər hallarda onları sadəcə tərksilah edir və arxa cəbhəyə göndərirdilər. Mən əminəm ki, digər əsir kütlələri ilə arxa cəbhəyə göndərilən bir çox kommunist və rus vətənpərvərləri oradan qaçmaq və gün-günə artan partizan dəstələrinə qoşulmaq imkanlarından istifadə edirdilər".
Heç şübhəsiz ki, Biderman haqlıdır. Əsirlərin əksəriyyəti almanların azacıq diqqətsizliyindən istifadə edib əllərinə silah alır və sonra ya öz döyüş mövqeyinə qayıdır, ya da meşələrə çəkilirdilər. Lakin əllərini qaldırıb alman ordusuna təslim olan iki qisim əsirlər də vardır ki, onların fikrinə görə artıq müharibə bitmişdi. Bunlar o şəxslər idi ki, ümumiyyətlə döyüşmək istəmirdilər və kimin rəhbərliyi altında olmasından asılı olmayaraq ailəsinə qayıtmaq, öz əməyi ilə yaşamaq istəyirdilər. Və bunlar o şəxslər idilər ki, müharibən qabaq Stalin düşərgələrində olmuşdular və özlərinin bir nömrəli düşməni kimi Hitleri yox, Stalini görürdülər. Bir də ilk günlərdən yaralı və kontuziyalı olan, qaçmaq üçün fiziki imkanı olmayanlar da birincilər kimi düşünürdülər.
"Qırmızı Xaç"a
qoyulan xaç
İkinci dünya müharibəsi başlamazdan on il əvvəl Qızıl Ordunun hərbi-hüquq idarəsində yeni xüsusi direktivlər yaranırdı. Sadə sovet adamlarının diqqət etmədikləri bu direktivlərdə deyilirdi: "Sovet İttifaqı 1929-cu ildə Qırmızı Xaçın Beynəlxalq Konvensiyasının əsas müddəaları ilə razılaşmır və onun qanuniliyini tanımaqdan imtina edir". Bunun nəticəsində Qızıl Ordunun və donanmanın əsgər və komandirləri düşmənə əsir düşdükdə "hərbi əsir" statusu daşımırdılar.
Sovet rəhbərlərinin bu qərarı dəhşətli nəticələrə gətirib çıxardı: almanların mərkəzləşdirilmiş əsir düşərgələrində olan sovet əsgər və zabitlərinin vəziyyəti qonşu ingilis, fransız və belçikalılarım vəziyyəti ilə müqayisədə daha təhqiramiz, alçaldıcı idi. Onlar digər orduların hərbi əsirlərinin Qırmızı Xaçdan aldıqları yardımları, o əsirlərin hətta almanların verdikləri yeməkdən imtina etdiyini də görürdülər. Qonşu düşərgədəki əsirlər ailələri ilə yazışır, öz aralarında idman yarışları keçirir, kitab oxuyur, hətta onların hüquqlarına əməl edilmədikdə alman rəhbərliyinə şikayət də edirdilər. Yeri gəlmişkən, bu şikayətlər çox az hallarda nəticəsiz qalırdı. Sovet əsgər və zabitləri isə bütün bunlardan məhrum idilər.
Sovet əsirlərinin düşərgə həyatını qələmə alan P. N. Paliy - 1941-ci ilin payızında əsir düşərkən kontuziya alan, dörd il müxtəlif əmək düşərgələri dəyişən keçmiş əsir, mühəndis, mayor "Əsir zabitin qeydləri" kitabında yazırdı: "Almanlar bizimlə bağlı heç kimin qarşısında məsuliyyət daşımırdılar və bizlərdən birinin işə göndərilməsi zamanı verilən əmrdəki "sərt cəza" sözün həqiqi mənasında həyata keçirilirdi".
"Öz" adamları
Almanların sovet əsirləri ilə qul səviyyəsində rəftar etmələri məsələnin nisbətən mülayim tərəfi idi. Faşistlərə könüllü, ya məcbur əsir düşən şəxslər bir-birilə şəfqətli davranmalı, bir-birinin halına acımalıdır. Lakin əsirlərin arasında yaramazlara, yaltaqlara da rast gəlmək olurdu ki, onlar da düşərgədə tezliklə "yüksək" vəzifələr tuturdular. Onlar eyni taleni paylaşdıqları öz düşərgə yoldaşları üzərində polis, nəzarətçi olurdular. Əsirlərlə qəddar davranışları, divan tutmaları, sadist davranışları ilə SS-in zona komandirlərini geridə qoyurdular.
Paliy yazırdı: "Bunlar necə insandırlar? Yaxın zamanlaradək öz diviziya, alay yoldaşı olmuş bugünkü əsirlərə qarşı niyə bu qədər heyvani nifrət hissi daşıyırlar? Öz yerlilərinə, şəhərli, kəndlilərinə, eyni məktəbi bitirənlərə, özləri kimi sovet vətəndaşlarına qarşı amansız münasibətin səbəbin nədir? Bəlkə də psixoloq bu cür insanların fərdi şəkildə hərəkətini izah edə bilərdi. Lakin bütün düşərgə polisinin davranışlarını nəylə izah etmək olar? Bu insanlar kimdən və nə üçün qisas alırlar?"
Baş verən hadisələr fonunda hərbi əsirlər arasında ağlagəlməz şayiələr yayılırdı. Müharibədən əvvəl Stalin düşərgələri ilə yaxından "tanış" olan, Lubyankanın divarları arasında işgəncə görən sovet zabitləri müəmmalı şəkildə alman düşərgələrində cəllad rolunda peyda olurdular. Buna görə də əsirlər arasında Hitlerin əsir düşərgələrində NKVD-nin şəbəkəsinin mövcudluğu barədə fikir yayılmışdı. Onlar düşünürdülər ki, NKVD əsir düşərgəsində Qızıl Ordunun əsgər və zabitlərinə elə bir həyat şərait yaratmaq istəyir ki, onlar düşərgənin döyüşdə ölməkdən daha dəhşətli olduğunu düşünsünlər.
Doğrudur, faşistlər planlı şəkildə kütlənin içərisindən bütün partiyalıları və NKVD əməkdaşlarını tapıb güllələyirdilər, lakin bu "insanlar" nəinki öz həyatların qoruyub saxlamağı bacarmış, hətta digərləri ilə müqayisədə yüksək yerlər tutmuşdular.
Sovet daxili işlər orqanlarının "qüdrəti" haqqında şayiələr qeyri-adi görünə bilər. Lakin keçmiş mayor öz memuarlarında çox əhəmiyyətli faktlar yazırdı: "Polislərin birinin otağını təmizləyən zaman əsirlərdən biri polisin öz köməkçisi ilə danışığını eşdir. Polis deyirmiş ki, müharibə bitdikdən sonra əsir həyatı yaşayanların hamısı "evə" qayıdacaqlar və o zaman xainlik etdiklərinə görə onların "dərisini soyacaqlar".
Müharibə illərində SSRİ NKVD-si SSRİ Xalq Müdafiə Komissarlığına öz tərkibindən 29 diviziya təşkil edib vermişdi. Eyni zamanda NKVD-nin ayrıca ordusu - 70-ci ordu yaradılmışdı. NKVD-nin Moldova, Ukrayna, Rostov və Krasnodar vilayətlərindəki əməkdaşlarından ibarət briqada yaradılmışdı ki, bu briqada da 1941-ci ilin noyabrında diviziyaya çevrilir. NKVD-nin orqanları və ordusu partizan hərəkatının izlənməsində, simli rabitənin təmin olunmasında və digər vacib əməliyyatlarda böyük rol oynayıblar.
NKVD-nin əməkdaşlarının könüllü şəkildə əsir düşmələri, düşərgələrdə sovet hərbi əsirləri ilə vəhşicəsinə davranmaları və bununla da "günahlarını yumaq" üçün imkan verildiyi barədə əmr olubmu?
Görünür bunu biz heç bir zaman bilməyəcəyik.
P.S. 1950-ci il sənədlərinə əsasən, Stalinin yaratdığı düşərgə və koloniyalarda həbs və sürgün çəkən insanların sayı 2 561 351 nəfər idi…
Yaqut Əliyeva
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33