Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı gözlənilir. Hazırda isə yolda torpaq bərkitmə işləri aparılır. Yolda torpaq yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq.
Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən tutmuş Astara-İran sərhədinə qədər heç bir yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz olacaq. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yeni magistral yol mövcud yola alternativ olduğundan onun gələcəkdə ödənişli olacağı gözlənilir:
"Əgər yeni tikilən Ələt-Astara magistral yolu ödənişli olarsa, bundan il ərzində 5-6 milyon manat gəlir əldə edilə bilər. Lakin yolun pullu olub-olmayacağı ilə bağlı hələlik heç nə dəqiq bilinmir. Bunun üçün Nazirlər Kabineti yekun qərar verməlidir. Biz, sadəcə, təklif vermişik ki, yol pullu olsun. Lakin bunun lazımi texniki-iqtisadi əsaslandırması hazırlanmalı, beynəlxalq təcrübə və idarəçilik mexanizmi öyrənilməlidir".
İlkin olaraq ödənişin hər km üçün 3-4 qəpik olacağının təklif edildiyini deyən A.Nəcəflinin sözlərinə görə, hələlik bu məsələ də tam dəqiqləşməyib: "Bu, təklifdən asılıdır. Təklif qəbul olunacağı təqdirdə rəqəmlər konkretləşəcək. Hər km. üçün 3-4 qəpik isə çox cüzi məbləğdir. Bu 100 km üçün 3-4 manat deməkdir. Düzdür, elə ölkə var ki, qiymətlər bundan yuxarı, eləsi də var ki, aşağıdır. Bununla bağlı hər hansı standart qiymət yoxdur. Qiymətlər ölkədən və yoldan asılı olaraq dəyişir. Elə yer var ki, 10-20 avro verib gedirlər, elə yer də var ki, 2 avro".
"Azəravtoyol"un sözçüsü niyə məhz 3-4 qəpik təklif olunduğunu da açıqlayıb: "Minik avtomobilləri yolda adətən hər 100 km-ə 8-18 litr yanacaq sərf edirlər. Yeni yol isə indikindən 40 km. qısa olacaq. Yəni yolun qısalığını, vaxta qənaəti, yüksək sürətlə gedəndə yanacaq sərfiyyatının daha da azaldığını nəzərə alsaq, bu, sərfəli variantdır. Pullu yolun əsas üstünlüklərindən biri də budur ki, heç bir yaşayış məntəqəsindən keçmədən sürətlə, vaxta və yanacağa qənaət edərək mənzil başına çatırsan. Pullu yolla getdikdə mövcud yola nisbətən sərf edilən yanacaq pulu və vaxt kompensasiya olunur. Burada yalnız yola pul ödəyirsən. Amma o biri yolda, həm vaxtın çox gedir, həm sürət aşağı olur, həm də yanacaq sərfiyyatı çox olur".
A.Nəcəfli qeyd edib ki, yeni yol avtoban tipli və hər tərəfdən bağlı olacaq: "Adətən avtobanlar yüksək sürət üçün nəzərdə tutulduğundan burada minimum sürət həddi müəyən edilir. Bu isə bizim qanunvericiliklə müəyyən olunmalıdır. Bizdə hələlik nə avtoban təcrübəsi, nə də bununla bağlı qanunvericilikdə müddəa var. Mövcud qanunveriliyiə görə, yollarda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş maksimal sürət saatda 110 km/saatdır. Yəqin ki, reallaşsa, hələlik pullu yolda da bu sürət həddi tətbiq olunacaq".
Onun sözlərinə görə, hələlik yalnız bir yolun pullu olması təklif edilir: "Lakin gələcəkdə başqa yollarda da belə bir varinatın tətbiq olunması ehtimalı istisna edilmir. Yolların pullu olacağı təqdirdə onun idarə edilməsinin "Azəravtoyol"da qalacağı və ya özəl şirkətə veriləcəyi də hələlik bəlli deyil. Bu məsələ hələ tam razılaşdırılmayıb. Təklif müzakirə mərhələsindədir".
Qeyd edək ki, yeni inşa edilən Ələt-Astara magistral yolunun 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılır.