Erməni işğalında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya su gəlib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, torpaqların işğalından sonra ermənilərin qarşısını kəsdiyi çaylara su buraxılıb.
Tərtərin Hüsənli kənd sakini Təvəkkül Məmmədov açıqlamasında bildirib ki, ermənilər Xaçınçay çayına sonuncu dəfə 8 il əvvəl su buraxıb. Son günlər dağ və dağətəyi rayonlara həddindən artıq yağış düşməsi sel yaradıb.
Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, bu gün fasilələrlə çayda partlayışlar müşahidə edilib. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar  güclü axın nəticəsində daşlara dəyib partlayır. Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır. Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir. Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. 1993-cü ildən Ağdam rayonun ermənilər tərəfində işğal etməsi nəticəsində Azərbaycan tərəfdən Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfindən istismarı mümkün deyil.