İmişli rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Rayonun Qaradonlu kəndində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar ASAN Xidmət avtobusu cəlb olunub. 

Unikal.org-un məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində və İmişli ASAN Xidmət Mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir. 

İmişlidə EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gün ərzində 698 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Bununla da İmişlidə EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 3219 nəfərə çatıb.

Qeyd edək ki, mayın 3-dək ölkə üzrə 141491 fermer EKTİS-də qeydiyyatdan keçib. EKTİS-də ən çox Sabirabad,  Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər qeydiyyatdan keçib.