Respublika ərazisində baş verən yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb.

Unikal.org-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, m eşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib. Plana uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib.
F.Əliyev qeyd edib ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların, biçin sahələrinə od vuranların, meşə meyvələri toplayanların ehtiyatsızlığından və digər səbəblərdən baş verir. Belə halların qarşısının alınması məqsədilə Nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına, eyni zamanda həmin sahələrə yaxın mövqelərdə fəaliyyət göstərən fermer təsərrüfatları ilə qarşılıqlı əlaqələrin yaradılmasına, biçindən sonra sahələrə od vurulmaması üçün maarifləndirmə işlərinin aparılmasına başlayıb:

"Ekologiya və Təbii Sərvətlər Nazilrliyi xahiş edir ki, təbiət qoynuna istirahətə gedən vətəndaşlar odla ehtiyatlı davransınlar, fermerlər biçənəkləri yandırmasınlar, təbiət ərazilərinə yaxın kəndlərin sakinləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, sürücülər və vətəndaşlar siqaret kötüklərini ətrafa atmasınlar, milli sərvətimiz olan meşələri, yaşıllıqları qorusunlar və Nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirləri, verilən tövsiyə və göstərişləri anlayışla qarşılasınlar".

F.Əliyev bunu da əlavə edib ki, ötən ildə meşələrdə baş verən yanğınların sayı az olub.
Nazir müavini bildirib ki, yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.