Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb. 

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşlaşdırılmasına xüsusi diqqət yetirir.  Dövlətimizin başçısı  Nazırlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha vurğulayıb ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Hazırda paytaxtda və bölgələrdə məcburi köçkünlərin üçün yeni yaşayış komplekslərinin inşası davam etdirlir. Bunların arasında “Qobu Park-2” layihəsinin də olduğunu qeyd edən Dövlət Komitəsinin sədri yeni kompleksin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.
Bu il aprelin 26-da Birinci vitse-prezident xanım Mehriban Əliyevanın “Qobu Park” yaşayış kompleksinə gələrək məcburi köçkünlərlə görüşməsi, onların yaşayış şəraiti ilə tanış olması, müraciətlərini dinləməsi və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verməsi müharibədən əziyyət çəkən insanlara dövlət qayğısının növbəti təcəssümü kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezidentin tapşırıqlarının dərhal icrasına başlanılıb, yaşayış kompleksi sakinlərinin müraciətlərində qaldırılan məsələlər mövcud qanunvericilik çərçivəsində öz həllini tapacaqdır.
Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı,  müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.
Görüşdə çıxış edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər.