Unikal.org-un məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Hüquqşünasın sözlərinə görə, qanunsuz qərarı Göyçay Məhkəməsi verib. Çıxarılan qərar əsasən 4 uşaq atası, ağır xəstə borca görə, 20 günlük həbsə atılıb:
"33 yaşlı vətəndaş Vəliyev Sədrəddin Şahsuvar oğlu Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qərarı ilə Unibanka 983,36 manat, Bank of Bakuya isə 4316 dollar məbləğində krediti ödəyə bilmədiyinə görə 3 iyun tarixində 20 günlük həbs olunub.
Vətəndaşın himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var. Ailənin yeganə qazanc mənbəyi meyvə-tərəvəz təsərrüfatıdır. Amma buradan da gəlir çox azdır, çünki vətəndaş 12 ildir ki, ağır xəstədir (düz bağırsağın II dərəcəli residiv sallanması), 4 dəfə əməliyyat keçirib, daim həkim nəzarətindədir, fiziki işlə məşğul ola bilmir.
Digər analoji həbslərdə olduğu kimi, bu hakim də İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutub. Yəni guya vətəndaş üzrsüz səbəbdən borcun ödənilməsi haqda məhkəmə qərarını icra etmir. Təbii, bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Qərarda qeyd olunur ki, vətəndaşın borcunu qaytarmaq üçün sadəcə imkanı yoxdur. Gəlirinin olması da sübut olunmayıb! Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qərarını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Hakim qərarda yazır ki, guya vətəndaşın təqsiri sübut olunub. Necə? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir!
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt"ın 11-ci maddəsinin və "Avropa İnsan Hüquqları Konvensiyası"nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
Həbsdən apelyasiya şikayəti verilib. Apellyasiya şikayəti təmin edilməsə, vətəndaş Avropa Məhkəməsinə şikayət etmək niyyətindədir.
Göründüyü kimi, tək-tük də olsa, bəzi icra məmurları və hakimlərin köməyi ilə banklar borcluları bu cür qorxutmaq niyyətindən əl çəkmir, Azərbaycanda sosial gərginliyi artırır, dövlətimizi sarsıtmaq, onu dünyada biabır etmək istəyirlər.
Görəsən həmin icra məmurları və hakimlər Beynəlxalq Bankın keçmiş rəhbərinin arvadını da oğurladığı 18 milyona görə heç olmasa 1 gün həbs edə bilərmi? Görəsən onlar bağlanan banklarda əhalinin və sahibkarların batan pullarına görə həmin bankların sahiblərini və rəhbərlərini, həmin banklara bərbad nəzarət etmiş Mərkəzi Bankın rəhbərliyini də həbs etməyə cürət edə bilərmi? Axı onlar da faktiki olaraq borcludur! Niyə borclarını ödəmirlər?
P.S. Borca görə həbs məsələsi üzrə söz verdiyim araşdırma xarakterli yazımı artıq bitirmişəm. Yaxında onu dərc edəcək və bütün hakimlərə bir-bir göndərəcəyəm. Ən azı biliklərini artırsınlar, nə etdiklərinin fərqində olsunlar. Bəlkə vicdana da gəldilər..."