Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə 22 Fevral 2019-cu il tarixli sərəncamına uyğun olaraq, may ayının 4-də Zirə Mədəniyyət Mərkəzi Eko Parkda sənətkarın 100 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Millət vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov eləcə də Bakı kəndlərinin ziyalı və sənətsevərləri iştirak ediblər. Tədbiri çıxış sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhvələrdən söz açıb.
Gecədə iştirak edən Millət vəkili, akademik Ziyad Səmədzadə, Respublikanın Xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, Əməkdar İncəsənət Xadimləri, xanəndə Aqil Məlikov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, qəzəlxan-şair Hacı Arif Buzovnalı və başqaları Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşmüş, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulamışlar. Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənilmiş, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olunub.
Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, muğam müsabiqəsinin laureatları Almaxanım Əhmədli, Hüseyn Məlikov, Məmməd Nəcəfov və başqaları rəngarəng ifaları ilə izləyicilərin könlünü oxşayıblar. Gecədə həmçinin Ustad xanəndənin Qızıl Fondda qorunan arxivdən ifaları təqdim edilib.