Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

Unikal.org xəbr verir ki, ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsində təşkil olunan növbəti tədbirin məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib.İ.Mədətov diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və şəriksiz müəllifidir. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləyib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Ulu öndərimizin dediyi kimi, “Tarix dəfələrlə sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Universitetin ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev Ulu öndərin Moskvadakı fəaliyyətinin detallı şərhində dedi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutan Heydər Əliyev Kreml rejiminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. 

1987-1990-cı illər Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz vətəni üçün çıxış yolları axtarmış, zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir

Tarix elmləri doktoru,professor  Məhərrəm Zülfüqarlı zəngin təcrübəli və müasir təfəkkürlü siyasətçi Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı prosesdən bəhs etdi. Ölkədə bütün sahələr üzrə köklü islahatlara təkan verildiyini, xalqın və dövlətin gələcəyinə xüsusi diqqət verildiyini dedi.  Ötən əsrin 70-80-ci illərində yüzlərlə gənc təhsil almaq üçün xaricə göndərildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramına əsasən 100-lə gənc dünyanın nüfuzlu universitetlərinin məzunudur. 

Heydər Əliyevin 96 illiyi tədbirində tələbələr ulu öndərə həsr olunan şeirlərlə çıxış ediblər.O cümlədən H.Əliyevə həsr olunan inşa yazı qalibləri- tələbələrə sertifikatlar, xatirə hədiyyələr təqdim olunub.Tədbirlər çərçivəsində mayın 7-dən 11-nə kimi ATMU-da tələbələrin əl işlərindən ibarət sərginin, idman yarışlarının  keçirilməsi və mükafatlandırılması  nəzərdə tutulub.