Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərenerji" ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi" mövzusunda konfrans keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, səhmdar cəmiyyətin prezidentinin müşaviri Vüqar Əliyev, "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, "itirilmiş" generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Ziyəddin Quliyev, həmçinin bildirib ki, 2018-ci il 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması məqsədilə “Azərenerji” ASC tərəfindən hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya üzrə Tədbirlər Planı" əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür.
"Azərenerji" ASC-nin vitse-prezidenti görülmüş işlərin ictimaiyyətə geniş və obyektiv şəkildə çatdırılması baxımından təmsil etdiyi qurumun media ilə əməkdaşlığa daim açıq olduğunu bildirib. Belə bir tədbirin təşkilində Fondun dəstəyini yüksək dəyərləndirən Ziyəddin Quliyev sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbirdə çıxış edən "Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov 2015-ci il fevralın 10-da "Bakıelektrikşəbəkə"nin bazasında "Azərişıq" ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. O bildirib ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.
Daha sonra media rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.